Əlil arabasına məhkum olan Avropa çempionu: “Məni hərbi xidmətə yararsız yazmaq istədilər” - VİDEO

“Ayaqlarım fəaliyyətini itirdiyi üçün məni hərbi xidmətə yararsız kimi yazmaq istədilər, ancaq razılaşmadım, çünki inanıram ki, yenidən sağalıb idmana və hərbi xidmətimə davam edəcəyəm”.

Bunu “Report”a müsahibəsində 25 yaşlı Avropa çempionu Rüstəm İmanzadə deyib.

Avropada üç rekorda imza atan və qitənin ən güclü idmançısı seçilən R.İmanzadə Azərbaycanı təmsil etdiyi yarışlardan birində ağır ştanqın belinə düşməsi nəticəsində onurğasını zədələyib və ayaqları fəaliyyətini itirib:

“Artıq doqquz ilə yaxındır ki, yeriyə bilmirəm. 148 kiloqram ağırlığı qaldıranda qolum zədələndi və ağırlıq belimə düşdü. Mənim ən çox qaldırdığım ağırlıq 155 kq olub. Ancaq təəssüf ki, zədəni 148 kq ağırlığı qaldırarkən aldım. Məni zədələnməyimdən daha çox, o çəkini qaldıra bilməməyim sarsıtdı. Həmin an şiddətli ağrı hiss etsəm də, düşünmədim ki, yeriyə bilməyəcəyəm. Xəstəxanada gözümü açanda artıq ayağımı hiss etmirdim. Həkimlər dedilər ki, əgər ilk altı ayda ayaqlarında hərəkət olarsa, yerimək şansın çoxdur. Mən o anda, sadəcə, sağalıb yenidən idmana qayıtmaq barədə düşünürdüm. Bu, indi də belədir. İnanıram ki, ayaqlarım sağalacaq və mən yenidən idmana qayıdacağam”.

Daha ətraflı videomaterialı təqdim edirik:

0.086984157562256