Qərbi Azərbaycan Xronikası: Sulaşmaq, öpüş-öpüş, sirli yelləncək mərasimi - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Bakunews.media xəbər verir ki, “Pəmbək - qədim türk irsini yaşadan oba” adlı bugünkü buraxılış Göyçə mahalının, Basarkeçər (Krasnoselo) rayonunun Pəmbək kəndinin Novruz bayramı ənənələrinə həsr olunub.
Bildirilir ki, Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə bağlıdır. Bu bayram Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi, Pəmbək kəndində də xüsusi statusu olan, sakinlərin böyük həvəs və coşqu ilə gözlədiyi və qeyd etdiyi bayram olub.
Sonda Pəmbək sakinlərinin Novruzun tarixi, ənənələrinin qorunub saxlanılması ilə bağlı söhbətləri, Bahar bayramını yaşadan maraqlı oyunlar və milli musiqilər nümayiş olunur.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.