Qurban Qurbanov: “Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq”
“Tovuzda olmaq həmişə xoşdur mənim üçün. Dünən bizi çox xoş qarşıladılar. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdə idik. Oyunçularımda xarakter gördüm. Öz azarkeşlərimizə də təşəkkür edirəm”.
“Qaynarinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turunun “Turan Tovuz”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- “Qarabağ” çempionluğu təmin edəndən sonra komandanı oyunlara motivasiya etmək çətin olmayacaq?
- Motivasiya ilə bağlı problemimiz olmayacaq. Daha yaxşı hazırlaşmalıyıq. Milliyə gedən oyunçular istərahət edə bilməyəcəklər. Digərlərinə istirahət verəcəyik. İnanmıram ki, hansısa çətinlik olsun. Öz oyunumuzun üzərində çalışaçacağıq.
- Milli fasilə ilə bağlı planlarınız nədir?
- Komandaya dörd gün istirahət verəcəyik. İnanmıram ki, yoxlama oyunu keçirək. Bakıda olacağıq.
- Mateus Silva mərkəz müdafiəçisi kimi necə təsir bağışlayır?
- Normal təsir bağışlayır. Amma mövqe səhvləri çoxdur. Üstün cəhətləri də var. Birə-bir mübarizələrdə sürətindən yaxşı istifadə edir. Oynadıqca özünü daha yaxşı hiss edəcək.
- Abdullah Zubir, Leandro Andrade, Juninyo kimi futbolçuları meydana buraxmaq əvvəlcədən planınızda var idi?
- Oyunun gedişatına görə addım atacaqdıq. Meydanda olan oyunçuların durumu vacub idi. Yorulanlar var idi. Amma əvvəldən Zubir və ya Juninyonun oynaması sırf planımda yox idi.
- İki eyni səviyyəli heyət saxlamaq üçün limit mane olur?
- Limit haqda nəsə deyə bilmərəm. Eyni səviyyədə iki heyət olsa, hamı oynamaq istəyəcək. Əlimdə olan futbolçuların hamısı nəticə verir. Gənclərə də şans veririk. Toral Bayramov, Elvin Cəfərquliyev yavaş-yavaş püxtələşir. Ümumən bugünkü heyətimizdən razıyam. Bəlkə bir-iki əlavə futbolçu olsaydı, pis olmazdı.
- Futbolçularınıza yayda təkliflər gələ bilər. Onlarla danışıqlara başlamısınız?
- Heç bir danışıq yoxdur, hər şey qaydasındadır. Təklif olması da normaldır. Bu, gözləniləndir. Biz də istəyirik ki, komandanı qoruyub-saxlayaq. Mənim bildiyim qədərilə hələ ki, heç kimə rəsmi təklif yoxdur. Biz transfer bazarına girməliyik ki, Azərbaycan futboluna maraq böyük olsun.
- Martda çempionluğunuzu rəsmiləşdirmək üzrəsiniz. Bu durumu necə şərh edərdiniz?
- Mən normal baxıram. Avropanın çox ölkələrində belə xal fərqi olub. Bu, o demək deyil ki, bizdə hamı bərbaddır. Ola bilər ki, bu il oyunumuz daha yaxşı alındı. Amma o demək deyil ki, hər il belə olacağıq.
- Yeni AFFA rəhbərliyi təklif etsə, AFFA İcraiyyə Komitəsində təmsil olunmaq istəyərsiniz?
- Biz Azərbaycan futbolu üçün çalışırıq. Tək özümü düşünməyim yaxşı olmaz. Görsək ki, Azərbaycan futboluna faydası var, onda lazımi addımı atacağıq.