Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 34 ailə olmaqla, 123 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.
Ailələr mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
12:10
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən yola salınmış 34 ailədən (123 nəfər) ibarət növbəti köç karvanı Füzuliyə çatıb.
“Report” xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.
06:38
Bu gün Füzuli şəhərinə növbəti köç karvanı başlayır.
“Report” xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3”də Füzuliyə 34 ailədən (123 nəfər) ibarət növbəti köç karvanı yola salınıb.
Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.
Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.