MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançının həbs müddəti uzadılıb
Xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman və Rüfət Əsədovun həbs müddəti uzadılıb.
“Report” xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub.
Qərara əsasən, onların hər biri barəsində olan həbs qətimkan tədbiri daha bir ay uzadılıb.
Xatırladaq ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, baş məşqçi Ruslan Əfəndiyev və onun tələbləri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində bir ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, dörd nəfər həbs olunub.