Üzrlü və üzrsüz deputatlar...

Bəzən Milli Məclisin iclaslarında deputatların hamısı iştirak etmir. Bunu deputatlar üçün təyin edilmiş yerlərdə bol qalan kreslolar da təsdiqləyir.

Üstəlik, mətbuatda da dəfələrlə bir neçə deputatın iclaslarda iştirak etmədiyi barədə məlumatlar yayılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, üzrlü səbəbdən Milli Məclisin iclasında iştirak edə bilməyən deputatlar bu barədə qabaqcadan Milli Məclisin Aparatına məlumat verməlidirlər.

Başqa tərəfdən, Milli Məclisin iclasının hər fasiləsindən sonra deputatların qeydiyyatı keçirilir. Fasilədən sonra Milli Məclisin iclasında üzrsüz səbəbdən qeydiyyatdan keçməyən Milli Məclisin deputatı həmin iclasda iştirak etməmiş hesab olunur.

Əgər deputat Milli Məclisin iclasında üzrsüz səbəbdən iştirak edə bilməyəcəksə, qabaqcadan Milli Məclisin Sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzrlü səbəb sayılır.

Ancaq Parlamentin iclaslarında iştirak etməyən deputatların üzrlü və ya üzrsüz səbəblər gətirdiyi barədə məlumatlar yoxdur.

Halbuki Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetində hər ay parlamentin, onun komitələrinin və komissiyalarının iclaslarını üzrsüz səbəbdən buraxan deputatların adları dərc olunmalıdır.

Bu barədə Milli Məclisin Daxili Nizamnaməsinin 48-ci maddəsində yazılıb.

Hələlik isə belə bir siyahı ilə media tanış deyil.

Aqil Vəlili

0.13935708999634