Aİ Cənubi Qafqaz vasitəsilə anti-Rusiya siyasətini genişləndirmək istəyir - RƏY + FOTO

“Avropa İttifaqının (Aİ) müşahidəçilərini Ermənistanda yerləşdirməsi anti-Rusiya siyasətinin tərkib hissəsidir”.

Bunu “Report”a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

Onun sözlərinə görə, qərarın Ermənistan parlamenti tərəfindən təsdiqi də həmin siyasətin davamıdır:

“Təsadüfi deyil ki, artıq İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurur, tədbirlərdə iştirak etmir. Bunların hamısı anti-Rusiya siyasətinin məcmusudur. Avropa İttifaqının Cənubi Qafqazda maraqları kifayət qədər genişdir. Regionda mövqelərini möhkəmləndirmək istəyi təsadüfi deyil. Qərbin burada öz əlaltıları var, onların maraqlarına cavab verən addımlar atır, müəyyən fəaliyyətlə məşğul olurlar. Bu “binokl diplomasiyası”nın arxasında Cənubi Qafqaz vasitəsilə anti-Rusiya siyasətini genişləndirmək niyyəti dayanır”.

Politoloq vurğulayıb ki, Azərbaycanın Qərb və Ermənistan ittifaqına qarşı diplomatik addımları daha təsirli olmalıdır:

“Şübhə etmirəm ki, belə də olacaq. Həm beynəlxalq səhnələrdə mövqeyimizi, həm müttəfiqlərimizlə münasibətlərimizi, həm də sərhədlərimizi möhkəmləndirməliyik. Fikrimizi digər ölkələrə çatdırmalı, eyni zamanda hərbi potensialımızı gücləndirməliyik. Biz sərhədlərimizə heç bir qurumu dəvət etmək fikrində deyilik. Belə addımlara adekvat cavabımızı verməyə də həmişə hazır olmalıyıq”.

Qeyd edək ki, bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb.

0.07408595085144