Şahruddin Məhəmmədəliyev: “Bolqarıstanla oyun Azərbaycan yığmasına özünəinam verdi”
Bolqarıstanla oyun Azərbaycan yığmasına özünəinam verdi. Heç bir komandadan zəif olmadığımızı nümayiş etdirdik. Düşünürəm ki, bundan da yaxşı nəticələr üçün bir qədər zamana ehtiyacımız var.
Bu sözləri Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Bolqarıstan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra AZƏRTAC-a açıqlamasında deyib.
Qolkiper Bolqarıstandan daha güclü rəqiblərlə qarşılaşmaq istədiyini gizlətməyib: “Rəqib yaxşı komandadır. Lakin etiraf etmək lazımdır ki, yüksək səviyyəli oyun nümayiş etdirə bilmədilər. Matçda çoxlu qol vəziyyətləri yaratdıq. Oyunu son anda xilas etdiyimizi demək düzgün olmaz. Onlar yaxşı müdafiə olunub, əks-hücumlara bel bağlayırdılar. Düşünürəm ki, bu görüş bizim qələbəmizlə yekunlaşa bilərdi”.
O bildirib ki, bugünkü oyun milli komandanın istənilən rəqiblə mübarizəyə hazır olduğunu göstərdi: “Bunu İsveç və Avstriya yığmaları ilə görüşlərdə də sübut etmişdik. Hazırkı heyətimiz kifayət qədər güclüdür. Xüsusilə, “Qarabağ”da çıxış edən Elvin Cəfərquliyev və Toral Bayramov kimi yığma üzvləri “Bayer” və “Braqa” kimi güclü rəqiblərlə mübarizə aparıblar. Ona görə də azarkeşlər bizə inanmalı və dəstəklərini əsirgəməməlidirlər. Bu gün stadionda daha çox azarkeş görmək istərdim. Əslində buna görə onları qınamıram, çünki hər şey bizim çıxışımızdan asılıdır. Daha yaxşı nəticələr qazanıb, onların stadiona gəlməsinə nail olmalıyıq”.
Ş.Məhəmmədəliyev qapıçı mövqeyində etdiyi səhvlərə görə azarkeşlər tərəfindən aldığı tənqidlərə münasibət bildirib: “Qapıçı mövqeyi elədir ki, istənilən səhv diqqəti çəkir. Mən isə risk etməyi sevirəm. Buraxdığım səhvlərin fərqinə varıram. Hələ də Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyim səhvi unutmamışam. Həqiqətən ciddi səhvə yol verdim. Bunun səbəbini izah etmək olduqca çətindir”.