Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib - FOTO
İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib. Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, konfransın Şəbəkənin və üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib.
2021-ci ilin noyabrında Madrid şəhərində baş tutmuş təsis iclasından bəri Parlament Şəbəkəsinin konfranslarının iştirakçılarının sayının davamlı olaraq artdığını söyləyən Sahibə Qafarova deyib ki, Şəbəkə böyüməyə və sıralarına yeni üzvləri qəbul etməyə davam edir. Onun sözlərinə görə, bu gün Parlament Şəbəkəsi, Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunu təmsil edir. Bu, təkcə Qoşulmama Hərəkatının dəyər və prinsiplərinin təşviqinə sadiqliyi deyil, həm də parlamentlərimiz arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək niyyətində olduğumuzu göstərir.
Bu ilin yanvar ayında Uqanda Respublikasının Kampala şəhərində baş tutmuş Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşündə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Uqanda Respublikasına təhvil verdiyini xatırladan Milli Məclisin sədri deyib ki, ölkəmizin sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərəkata üzv olan ölkələr arasında həmrəyliyin, birliyin və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi sadiqliyi ilə yadda qalacaq. Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər, məsələn, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması, həmçinin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması istiqamətində atılan ilk addımlar Hərəkatın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.
Sədr Sahibə Qafarova çıxışında bildirib ki, Parlament Şəbəkəsi yarandığı gündən öz fəaliyyətini icra hakimiyyəti orqanlarının qərarları ilə əlaqələndirir, onları öz fəaliyyətində və yekun sənədlərində əks etdirir. Üzv dövlətlərin hökumətləri ilə belə sıx əməkdaşlıq Şəbəkəyə Qoşulmama Hərəkatının idealları və dəyərlərinin təşviqinə parlament töhfəsini verməyə imkan verib. O xatırladıb ki, Parlament Şəbəkəsinin 2023-cü ilin mart ayında Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş ikinci konfransı zamanı Şəbəkənin Əsasnaməsinə edilən bir sıra əlavə və düzəlişlər, Parlament Şəbəkəsinin fəaliyyəti üzrə iş qaydalarının işlənib hazırlanması və təkmilləşdirilməsinə yönəldilib. Şəbəkənin gələcək institusional inkişafı istiqamətində iş davam etdiriləcək. Spikerin sözlərinə görə, Parlament Şəbəkəsinin Büro və Daimi Komitələrinin formalaşdırılması onun institusional potensialını və səmərəli fəaliyyətini daha da gücləndirəcək.
Çıxışında digər parlamentlərarası təşkilatlarla institusional dialoqun inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verən Sahibə Qafarova qeyd edib ki, Manama şəhərində dörd beynəlxalq təşkilata Şəbəkə yanında müşahidəçi statusu verilib. Həmçinin Manama konfransından sonra Parlament Şəbəkəsi TürkPA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi yanında müşahidəçi statusu əldə edib. Bundan başqa, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Anlaşma Memorandumu imzalanıb. İki gün öncə isə ən qədim və ən böyük parlamentlərarası təşkilat olan Parlamentlərarası İttifaqla Anlaşma Memorandumu imzalanıb.
Bugünkü konfransın “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusuna həsr olunduğunu xatırladan MM sədri Sahibə Qafarova deyib ki, hazırda iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli və təcili çağırışlardan biridir. Eyni zamanda, bu, qlobal cavab tədbirləri və birgə səylər tələb edən bir çağırışdır. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edən ölkə seçilib. Qeyd olunan tədbir bu ilin noyabrında Bakı şəhərində keçiriləcək. Biz bununla qürur duyuruq. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. Ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur.
Spiker həmçinin vurğulayıb ki, Azərbaycanın COP29-un sədri qismindəki rolu beynəlxalq tərəfdaşlarımızı planetimizin rifahı naminə iqlim fəaliyyətlərini inkişaf etdirməyə cəlb etmək üçün mühüm imkan yaradır. Bu mənada inklüziv dialoq, konstruktiv əməkdaşlıq və birgə fəaliyyət bu istiqamətdə irəliləyiş əldə etmək üçün əsas faktordur. Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir. Parlamentlərarası İttifaq Baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı aaddımları ata biləcəklərini müəyyən etmək imkanı verəcəkdir. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcək.
Sədr Sahibə Qafarova çıxışının sonunda bir daha vurğulayıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bundan sonra da parlamentlərarası əməkdaşlığın və parlamentlərimiz və ölkələrimiz arasında dialoqun təşviqinə güclü sadiqliyini nümayiş etdirməyə davam edəcək.
Sonra konfrans işini digər çıxışlarla davam etdirib.
Tədbirdə çıxış edən Parlamentlərarası İttifaqən prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Əlcəzair Milli Assambleyasının sədri İbrahim Boğali, Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Ghimir, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Qabon Milli Assambleyasının prezidenti Jan François Ndonqu, Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Bakı Təşəbbüs Qrupunun səlahiyyətli şəxsi Jan Jakob Bicep və digər ölkələrin parlamentariləri tədbirin yüksək səviyyədə təşkilinə təbriklərini ifadə ediblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsinin gənc təşkilat olmasına baxmayaraq, uğurlu fəaliyyəti, istitusional inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb.
Tədbir konfransın yekunlarına dair Cenevrə Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.