Regional və beynəlxalq müstəvidə təhdidlər artdığından sərhədlər bağlı qalmalıdır - RƏY + FOTO

Hazırda həm regional, həm də beynəlxalq müstəvidə təhdidlər artdığından təhlükəsizliyin təmin edilməsi məqsədilə sərhədlər bağlı qalmalıdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, məqsəd Azərbaycana qarşı yönəlmiş təhdidlərin qarşısının alınmasıdır:

“Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün ardıcıl, silsilə tədbirlər həyata keçirir. Hesab edirəm ki, bu tədbirlərin bir parçası olaraq, hazırkı dönəmdə sərhədlərin bağlı saxlanılması xüsusi önəm daşıyır. Əslində, Azərbaycan illər öncə bu təhdidləri görərək özünü sığorta etməyə çalışıb. Tez-tez sərhədlərin niyə bağlı saxlanıldığı haqqında suallar verilir. Amma bunu sorğulayanda nəzərə almalıyıq ki, təhlükəsizliyin təmin olunması daha vacib məsələdir”.

Son prosesləri, həyata keçirilən əməliyyatları xatırladan Ceyhun Məmmədov vurğulayıb ki, Lənkəranda icra başçısına qarşı terrorun planlaşdırılması, həmin şəxslərin saxlanılması və s. hadisələr təhdidlərin mövcud olduğunu sübut edir:

“Düşünürəm ki, sərhədlər açıldığı təqdirdə ölkəmiz də terror təhlükəsi ilə üz-üzə qala bilər. Xüsusilə qonşu dövlətlərdə cərəyan edən hadisələrin Azərbaycana keçməyəcəyinə heç kim zəmanət vermir. Bütün bunlara baxmayaraq, sərhədin bağlı olması belə təhdidləri yox etmir. İstənilən halda üzərimizə düşən vəzifə odur ki, öz təhlükəsizliyimizi təminat altına almağa çalışaq. Ona görə də vətəndaşlarımız məsələyə sağlam yanaşmağı bacarmalıdırlar”.

Deputat Rüfət Quliyev isə düşünür ki, Azərbaycan xalqı hökumətin uzaqgörən addımlarına, təhlükəsizliyin təmin edilməsinə hesablanmış qərarlara qiymət verməlidir:

“Biz sərhədlərin niyə bağlı olduğu haqqında suallar tez-tez eşidirik. Son günlərdə dünyada baş verən hadisələr, aldığımız acı xəbərlər göstərir ki, bu, əslində, düzgün qərar imiş. Dövlət başçısı özü sərhədlərin nə zaman açılıb-açılmayacağını, hansı formada təhlükəsizliyin təmin ediləcəyini və bu kimi prosesləri necə idarə etmək lazım olduğunu bilir. İnsanlar da anlamalıdırlar ki, tamamilə xalqın mənafeyinə, millətin marağına uyğun addımlar atılır”.

0.64823698997498