Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO

Fransa hökuməti uğursuzluq zolağından çıxa bilmir. Keçmiş müstəmləkələrindən biabırcasına qovulan hakimiyyət baş verənlərdən nəticə çıxarmaq əvəzinə, əksinə, daha da azğınlaşır. Yeni müstəmləkələr ələ keçirməyə çalışır, dünyada münaqişə ocaqları yaradır. Bu çirkin planını reallaşdırmaq üçün isə köhnə münaqişələri qızışdırmaqdan tutmuş, casus şəbəkələrinə qədər ən iyrənc metodlara əl atır. Yelisey sarayının Cənubi Qafqazla bağlı yürütdüyü siyasət də buna əyani misaldır. Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olan əsas qüvvədir və öz çirkin məqsədlərinə çatmaq üçün ermənilərdən istifadə edir. Artıq əminliklə deyə bilərik ki, Emmanuel Makronun prezidentliyi ölkə tarixinə ən uğursuz illər kimi düşüb və əksəriyyət də bunu qəbul edir.

Yeri gəlmişkən, uğursuzluq tək xarici siyasətdə deyil, daxildə də davam edir. Məsələn, ölkə yayda ən böyük beynəlxalq idman yarışlarına - Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bəs hökumət buna necə hazırlaşır, hansı addımlar atır? Bəlli olan sadəcə odur ki, oyunlar ərəfəsində daxili siyasi gərginlik artıb. Ən çirkin oyun ondan ibarətdir ki, Yelisey sarayı Moskvada martın 22-də törədilən terror aktından ölkəsində miqrantlara qarşı hücum üçün istifadə etmək qərarına gəlib. Bu isə hakimiyyətin atdığı bütün addımlar kimi əks-effekt verib. Fransa şəhərlərinin merləri hökuməti Olimpiya oyunları ərəfəsində paytaxtı miqrantlardan “təmizləməkdə” günahlandırıblar. Məsələnin mahiyyəti bundan ibarətdir ki, E.Makron hökuməti miqrantları paytaxtdan digər şəhərlərə köçürür. Həmin şəhərlərin rəhbərləri də etiraza qalxıb. Bildiriblər ki, hakimiyyətin siyasəti şəhərlərə miqrant axının güclənməsinə gətirib çıxaracaq.

Məsələn, Orlean şəhərinin meri Serj Qruar bəyan edib ki, hökumət 100 min insanın yaşadığı şəhərə heç bir xəbərdarlıq etmədən 500 miqrant köçürüb. Hər üç həftədən bir Parisdən Orleana 35-50 nəfər gəlir. O vurğulayıb ki, bütün bunlar iyul-avqust aylarında keçiriləcək Olimpiya oyunları ərəfəsində paytaxtda “qayda-qanun” yaradılmasına yönəlib. Mer söyləyib ki, hər yeni gələn miqrant üç həftə ərzində dövlət hesabına yaşayış yeri, qida ilə təmin olunur. Üç həftədən sonra isə onlar taleyin ümidinə buraxılacaqlar. Bu addım da E.Makron hakimiyyətinin insanlara yanaşmasının növbəti təzahürü adlandırmaq olar.

“France24” xatırladır ki, Paris əsas etibarilə Afrika, Cənubi Asiya və Yaxın Şərqdən olan və sığınacaq almaq istəyən miqrantlar üçün cəlbedici yer olsa da, hakimiyyət buna son qoymaq niyyətindədir. Statistik məlumatlara görə, 2023-cü ildə bir milyondan artıq insan sığınacaq almaq üçün Avropa İttifaqına müraciət edib. Bu da son yeddi ildə ən yüksək göstəricidir. Fransa bu siyahıda ikincidir. Hökumət atdığı addımları Olimpiya oyunları ilə əlaqəli olmadığını bildirsə də, buna inanan azdır. Elə merlər də bu qənaətdədirlər.

Fransa Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda bildirilib ki, miqrantların kütləvi şəkildə köçürülməsi Olimpiya oyunları ilə bağlı deyil. Məlumata görə, Orleandan başqa bu kateqoriyadan olan insanların yerləşdirilməsi üçün 10 regional mərkəz yaradılıb. Orlean merinin narahatlığını Strasburq şəhərinin rəhbərliyi də bölüşüb. Merin müavini Florian Varyer qəzəbini aşağıdakı şəkildə ifadə edib:

“Bizimlə məsləhətləşmədən miqrantları şəhərə köçürürlər. Bu baxımdan Orlean merinin narahatlığını bölüşürəm. Baş verənləri qəbul etmirəm”.

O əlavə edib ki, Strasburq yaxınlığında düşərgələr peyda olub. Hələ bu ilin yanvar ayında Lavor şəhərinin (Tuluza yaxınlığında yerləşir) meri hakimiyyətin ölkənin müxtəlif şəhərlərində miqrantları yerləşdirmək siyasətini sərt tənqid edib, bunu “təhlükəli” və “məsuliyyətsizlik” adlandırıb.

Respublika Partiyasından olan Bernar Karayon isə açıq şəkildə bildirib ki, bu siyasət Parisi daha ciddi nəzarət olunacaq şəhərə çevirməyə yönəlib. Onun qənaətincə, bu, yolverilməzdir. Bütün bunların kökündə isə Emmanuel Makronun uğursuz siyasəti dayanır. 2022-ci ilin sentyabrında dövlət başçısı Fransada sığınacaq almaq üçün müraciət edənlərin yerləşdirilməsi ideyasını irəli sürüb. Onun sözlərinə görə, iri şəhərlərdə miqrantların yerləşdirilməsi siyasəti “absurddur” və yaddan çıxarılmalıdır. E.Makronun hədəfi bəllidir - köçkün-miqantların Fransanın kənd rayonları və kiçik şəhərlərində yerləşdirməklə demoqrafik keçidi təmin etmək. Həmin yerlədə vəziyyət o həddə çatıb ki, yerli insanlar əraziləri tərk edib gedir, nəticədə məktəb və mağazalar bağlanır, işçi qüvvəsinə ciddi ehtiyac yaranır.

Sağlar və radikal qüvvələr də Fransa liderinin planını sərt tənqid ediblər. Onlar E.Makronu icmaları yoxsullaşdırmağa çalışmaqda, cinayətə sürükləməkdə günahlandırıblar. Bu səbəbdən də millətçi qanadın lideri Marin Le Pen 2022-ci il prezident seçkisində bütün zamanların ən yüksək səsini toplayıb. Onun partiyası iyunda keçiriləcək Avropa Parlamenti seçkisində güclü nəticə əldə etməyi hədəfləyir. Fevral ayında Fransanın 80 xeyriyyə təşkilatı “Revers de la medaille” (Medalın o biri üzü) adlı qrup yaradıb və Olimpiya oyunları ərəfəsində Parisin “sosial təmizlənməsini” pisləyib. Sosial fəalların sözlərinə görə, Fransa paytaxtının hakimiyyət orqanları təkcə qaçqın və miqrantları deyil, həm də evsizləri və seks işçilərini şəhərdən çıxarır. Yerli media yazır ki, Qərb Moskvada törədilən terror aktının Paris Olimpiadasında təkrarlanacağından ehtiyat edir. Ona görə də Fransada terror təhlükəsinin səviyyəsi maksimuma qaldırılıb.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, E.Makron hakimiyyətini beynəlxalq yarış ərəfəsində ciddi sınaqlar gözləyir. Hökumətə qarşı daxildə tənqid və etirazlar durmadan artır. Bütün bunların fonunda Fransada radikal qüvvələrin reytinqi artır. Bu da miqrantların çoxluq təşkil etdiyi ölkəni ciddi sınaqlarla üz-üzə qoya bilər.

“Report” İnformasiya Agentliyi

0.043927907943726