“Zvartnots”dan çıxış, Rusiyanın mümkün cavabları, Azərbaycanın tuta biləcəyi mövqe - TƏHLİL

Ermənistan “Zvartnots” aeroportunu Rusiya hərbçilərinin təhlükəsizlik təftişindən təmizləyəcəyini bəyan edir.

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, “Zvartnots” aeroportunda müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək niyyəti barədə Rusiyanı rəsmi məlumatlandırıb. Simonyan prosesin avqustun 1-dən etibarən başlanacağını elan edib.

Rusiya ilə Ermənistan arasında 1992-ci ilin sentyabrın 30-da imzalanan müqaviləyə (Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu haqqında) əsasən:

- Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini mühafizə edir,

- “Zvartnots” hava limanında Rusiya nəzarət-buraxılış məntəqəsi yaradıb.

Ermənistan hava limanının təhlükəsizliyini Rusiyanın nəzarətindən çıxarmağı hədəfləsə də, İran və Türkiyə ilə sərhədlərin qorunmasını yenə Moskvaya etibar edir.

Bu, o deməkdir ki, İrəvan Rusiya ilə təhlükəsizlik əlaqələrini tədricən azaltmağı məqsədəuyğun saysa da, quru sərhədlərin üçün qarantiyanı Rusiyada axtarır.

Amma bildirilməlidir ki, ümumiyyətlə, 2024-cü ildə Ermənistan Rusiyadan uzaqlaşmaq üçün bəzi böyük konkret addımlar atıb:

- Baş nazir Nikol Paşinyan fevralda Fransa telekanalına deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü “dondurub”;

- Ermənistan Sovet İttifaqının dağılmasından sonra Moskvaya arxalanmasını “strateji səhv” adlandırıb;

- Ermənistan rəsmi olaraq Moskvaya Rusiya sərhədçilərinin daha Yerevan hava limanında fəaliyyət göstərməsinə icazə verilməyəcəyi barədə məlumat verib.  

Hərçənd ki, Moskvanın prosesə reaksiyası maraq doğuracaq.

Əgər Kreml İrəvandakı aeroportdan təhlükəsizlik qüvvələrini çıxarsa, bu, belə bir illüziya yaradacaq ki:

- Moskva Ermənistanın Qərbdə təhlükəsizlik sığortaları axtarması fonunda verdiyi qərarlarla razılaşır,

- Rusiya Qərbin Ermənistanı onun əlindən tədrici almasına müqavimət göstərmir.

Lakin dərin qatlarda Kremlin bu dərəcədə səssiz qalacağını fikirləşmək də olmur. Çünki Ermənistan bu dəfə daha ciddi nəzərlə Qərbə baxmağa başlasa, Kremlin nə edə biləcəyini fikirləşməlidir.

Bu o deməkdir ki, Rusiya “səssizlik illüziyasını” sadəcə olaraq gurultulu addımlarla əvəzləyə bilər və İrəvanın Moskvadan “xilas olmaq” qərarının Ermənistana baha başa gələcəyini əyani göstərər.

Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəzərə alsaq, ilkin mərhələdə Moskva İrəvanı iqtisadi sanksiyalarla boğmağa çalışa bilər.  

Ancaq Moskvanın Ermənistanı cəzalandırmaq üçün başqa bir neçə yolu da var. Bununla belə Moskvanın ixtiyarında olan cəza metodları uğurlu və uğursuz olaraq iki qrupa bölünə bilər.

Məsələn, Moskvanın Ermənistandakı Paşinyana müxalif qrupları ayaqlandırmaq cəhdləri uğursuz alınır və İrəvanda bu yolla dövlət çevrilişini həyata keçirmək çətinləşir.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını həyəcan siqnalı ilə qaldırmasının isə İrəvana qarşı dramatik uğurlu cavab kimi nəzərdən keçirilməsi mümkündür.   

Təbii ki, bunlar Moskva ilə İrəvanın dibə qədər pisləşə bilmək ehtimallarının yaratdığı təəssüratlardır.

Başqa bir maraqlı ssenari, Azərbaycan və Türkiyənin mümkün Rusiya-Ermənistan qarşıdurmasında nə cür davranacağı ilə ortaya çıxa bilər.

Bakı ilə Ankara region üçün mümkün pis ssenariləri fürsətə çevirməklə proseslərə strateji yön verə bilmək qabiliyyətlərini göstərmək gücündədirlər.

Həmin potensial strateji müdafiənin təminatıdır və Ermənistan bundan nəsibini almaq istəyirsə, onda ilk növbədə regionu Rusiya-Qərb savaşının poliqonuna çevirməkdən uzaqlaşmalıdır.

Yox, İrəvan Moskvanın acığına Qərblə yaxınlaşmanı təmin edib bununla Azərbaycana qarşı da geosiyasi rıçaq qazanmaq cəhdinə baş vursa, onda Bakının cavablarının miqyası geniş olacaq.

Aqşin Kərimov

0.17944693565369