Sol sağa qalib gəldi

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrinə baxarkən müşahidə etmək olur ki, siyasətin sol qanadı daha çox birləşmiş görünür, nəinki sağ qanadı.

Bundan sonrakı dövrdə AKP bütün sağ partiyalar ilə qüvvələrini birləşdirməklə bağlı addımlar atsa uğurlar qazana biləcək.

22 illik AKP iqtidarlığı ola bilsin ki, ona ultra özünə əminlik gətirmişdir deyə ciddi cəhdlə sağ partiyaları öz ətrafında birləşdirməyə çalışmamışdır. Sürətlə millətçi partiyaların xeyrinə nüfuz itirən Milliyyətçi Hərəkat Partiyasını özünə ortaq edərək yoluna davam etmişdir. Nəticə isə göz qabağındadır. Sol qanad mərkəzləşir, birləşir, güclənir, sağ qanad isə hissələrə parçalanaraq kiçilir, dağılır və zəifləyir.

AKP-nin növbəti sınaqları üçün vaxtı var. İlk öncə özündən ayrılmış “narazıları” başına toplasın, sonra MHP-dən ayrılanlarla razlığa gəlsin, daha sonra isə klassik sağ partiyalar ilə hesablaşaraq onlarla ittifaqa girsin.

Bundan sonrakı dövrdə bu konsolidasiyaya AKP-nin çox ehtiyacı var. Yəqin ki, ilk sınaq yeni konstitusiya ilə bağlı keçiriləcək referendum olacaqdır. Bunu əldən vermək olmaz və bunun üçün ultra özgüvəni kənara qoymaq və danışıqlara getmək lazımdır.

Ümumiyyətlə, yerli idarəetmə orqanlarına seçkilərin mahiyyəti daha çox lokal xarakterli olduğu üçün bir çox hallarda hökumət seçkilərindən nəticə etibarilə fərqli olur. Yəni, xalq hökuməti seçərkən daha çox fəal olur, eyni zamanda hökumətin həm də xarici siyasi kursu ilə bağlı siyasəti də seçkilərin nəticəsinə həlledici təsir göstərir. Bələdiyyə seçkilərində isə xalq daha çox məişət, infrastruktur və “mətbəxt” səviyyəli vədlərə baxaraq qərar verir. Bu prizmadan yanaşanda AKP seçki təbliğatında müxalifəti ittiham etmək, böyük şəhərlərin bələdiyyə sədrlərini küncə sıxmaq və beynəlxalq miqyasda əldə edilmiş nailiyyətlərlə fəxr etmək kursunu aparırdı. Müxalifət isə daha çox bələdiyyə seçkilərinin mahiyyətinə uyğun olaraq təbliğat apardı. Bundan başqa, öncəki seçkilərdə əldə edilmiş bələdiyyə başçılarının hökumət tərəfindən sıxıldığını bildirərək təzyiq altında bacardıqlarını etdiklərinin üzərinə vurğu etdilər. O cümlədən qeyd etmək olar ki, AKP-nin namizədlərinin bir qismi dəyişmədi, bir qismi isə güclü namizədlər deyildi və onlar daha çox Rəcəb Tayyip Erdoğanın kölgəsində qaldılar. R.T.Erdoğan seçki təbliğatı prosesində olduqca fəal oldu və mitinqlərdə şəxsə iştirak etdi. Bununla belə, xalq hətta R.T.Erdoğanın iqtisadi inkişaf ilə bağlı nitqlərinə və vədlərinə etimad göstərmədi.

Hər bir halda qardaş Türkiyə dövlətinin güclü və konsolidə edilmiş olması ölkəmiz üçün çox vacibdir. Azərbaycan Prezidenti ölkəmizin siyasi kursunun Türk dövlətləri ilə bağlı olduğunu inauqurasiya mərasimində rəsmən elan etdi və heç kəsə sirr deyil ki, Türkiyə bu dövlətlərin içərisindən ən güclüsü və nüfuzlusudur. Bu seçkinin nəticələri Türkiyə dövlətinə və millətinə xeyirli olsun.

0.056486845016479