Gürcü politoloqlar: “Brüssel görüşü bölgədə yeni gərginliyin əsasını qoyacaq” - FOTO

Gürcüstanın siyasi icmalçıları aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen arasında keçiriləcək üçtərəfli görüşü bölgə üçün yeni təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.

Hərbi-siyasi ekspert Vaxtanq Maysaya “Report”a açıqlamasında bildirib ki, yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın tədbirə dəvət edilməsi normal hal deyil.

“Regionda sülh və inkişaf üçün çalışan Gürcüstan, Azərbaycan, Türkiyə rəsmiləri danışıqlara dəvət olunmayıblar. Bu isə normal qiymətləndirilə bilməz”.

Politoloq hesab edir ki, bölgədə hansısa yeni birlik və alyansın yaradılması fikri var: “Bu alyans ABŞ və Avropa İttifaqının birbaşa iştirakı ilə qurulacaq və hansı ölkələrin bura qoşulacağını zaman göstərəcək. Digər alyans da ola bilər. Söhbət Azərbaycan, Türkiyə, Pakistan birliyindən gedir. Rusiya təklənəcək, Gürcüstan isə burada neytral obrazda çıxış edəcək. Düşünürəm ki, tez zamanda yeni alyansların şahidi olacağıq. Regionun təhlükəsizliyi üçün bu mütləqdir”.

İranın harada olacağına gəldikdə, ekspertin qənaətincə, Tehran çox güman ki, Rusiya ilə birləşəcək: “Beləcə üç böyük alyans yaranmış olacaq”.

Siyasi şərhçi Giorgi Caxayanın sözlərinə görə, Brüssel görüşü səkkiz kəndin Azərbaycana verilməsində qərarlı olan N.Paşinyanın siyasətinə etimadla bağlı bir növ referenduma çevriləcək növbədənkənar seçki ilə bağlıdır: “Paşinyan seçkidə qalib gəlsə deyə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaq müqabilində Qazaxın kəndlərini təhvil verməyə razıdır”.

Politoloq Simon Kopadze isə düşünür ki, Vaşinqton və Brüssel hansısa yeni münaqişə yaratmaq üçün çalışmır. Onun qənaətincə, Qərb Ermənistanı Rusiyanın təsirindən minimum itki ilə çıxarmaq üçün çalışır: “Baş tutacaq görüşdə Rusiyanın tabeliyindən çıxmaq prosesi müzakirə ediləcək. Təbii ki, bunlar mənim qənaətimdir. Bu görüşdə Rusiyanın təsirindən çıxmaqla yanaşı, Azərbaycanla sülh sazişinin imzalanması məsələsi də aktual olacaq. Çünki sülhü təmin edən həm də regionda təsir gücünə malik olacaq. Onun üçün də onlar çalışırlar ki, sülh sazişi maksimum tez imzalansın. Brüssel görüşünə təkcə Ermənistanın dəvət olunması isə başqa amillə bağlıdır. Onlar Paşinyana Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini başa salmaq üçün çalışırlar. Bu da təbii ki, ilk olaraq Ermənistanın xeyrinədir”.

Politoloq Avtandil Mikatsadze isə deyir ki, bu görüş Ermənistanı regionda Rusiyanın təsirindən qorumaq üçündür: “Amma Qərbin regionda heç nəyi qalmayıb, onlar sadəcə bölgədəki nüfuzunu, maraqlarını, investisiyalarını müdafiə edirlər. Rəsmi İrəvan isə yaranmış vəziyyətdən yaxşı istifadə edir. Qərbin Cənubi Qafqazda real müttəfiqi qalmayıb, çünki Ankara, Bakı və Tbilisidəki mövcud hakimiyyətlər onların oyunlarını dərk edir. Amma Ermənistanda baş nazir dəyişsə bu zaman işlər daha da qəlizləşəcək”.

Onun fikrincə, sülh üçün çalışan Ankara-Bakı-Tbilisi regionda uzunmüddətli sabitliyi təmin edə bilər: “Təəssüf doğuran budur ki, Qərb regionda Ermənistanın yanında olmaqla, Gürcüstanı itirir. Sanki sistemli şəkildə Tbilisinin Rusiyaya təslim olması üçün bütün resurslardan istifadə edilir”.

0.15588879585266