Avropa Olimpiya Təsnifat turniri: Son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun vurulacaq.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni raundda Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək.
Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq.
Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) - Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış edib.