Hacı Əliyev: “Avropa Olimpiya Təsnifat turniri karyeramın ən vacib yarışı oldu”

“Avropa Olimpiya Təsnifat turniri karyeramın ən vacib yarışı oldu”.

“Report”un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Bakıda təşkil edilən turnirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən 32 yaşlı idmançı üçüncü cəhdində çempionluq hədəfləyəcəyini bildirib:

“Xalqımın önündə məğlub olmadığım, azarkeşləri sevindirdiyim üçün şadam. Artıq üçüncü dəfə olimpiadada iştirak etmək hüququ əldə etdim. Əvvəlki olimpiadaların birində gümüş, birində bürünc medal qazanmışam. Parisdə bunu qızıla çevirməyə çalışacağam”.

Üçqat dünya və dördqat Avropa çempionu zədəli olduğu üçün ideal formadan uzaq olduğunu etiraf edib:

“Dizlərimdə zədə var. İki aya yaxındır ki, məşqlərdən uzağam, yalnız fiziki hazırlıq keçirəm. Çıxışımı özüm də bəyənmədim. Əsas odur ki, qalib gəldim, mənim üçün vacib olan budur. Zədə hər bir idmançı üçün böyük problemdir. Sərbəst güləşdə ayaqlar çox hərəkətdə olur. Mən də dizlərimdən ağır zədələr almışam. Buna baxmayaraq, vəziyyətdən çıxmağı bacardım”.

Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Albaniya təmsilçisi İslam Dudayevə qalib gələrək, üçüncü dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medal qazanıb.

0.068814992904663