Azərbaycan Premyer Liqası: “Qarabağ” “Sabah”a məğlub oldu - YENİLƏNİB + VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına yekun vurulub.

Bakunews.media xəbər verir ki, sürpriz nəticənin qeydə alındığı günün son matçında “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəliblər.

“Bank Respublika Arena”da keçirilən görüşdə meydan sahibləri çempionluğu daha əvvəldən rəsmiləşdirən Ağdam təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib. Bakı klubunun heyətində müvafiq olaraq Amin Seydiyev, Cesse Sekidika və Tellur Mütəllimov fərqləniblər. Qonaq komandanın qollarını isə Leandro Andrade və Nəriman Axundzadə vurub.

Qeyd edək ki, turun digər görüşlərində “Sumqayıt” “Zirə” ilə bərabərə qalıb - 0:0. “Turan Tovuz” “Qəbələ”ni 2:1, “Neftçi” isə “Araz Naxçıvan”ı 3:0 məğlub edib. “Səbail” - “Kəpəz” oyununda 3:3 hesabı qeydə alınıb.

18:44

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunları çərçivəsində “Səbail” “Kəpəz”lə qarşılaşıb.

Bakunews.media xəbər verir ki, günün ilk matçı “ASCO Arena”da keçirilib.

Gərgin mübarizə şəraitində keçən matçda məhsuldar heç-heçə qeydə alınıb. Gəncəlilər fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. Lakin Şahin Diniyevin komandası ikinci hissədə geridönüş edərək 3:2 hesabı ilə önə keçib. Oyunun sonuna artırılan dəqiqələrdə isə bərabərlik qolunu vuran “Kəpəz” futbolçuları yekun hesabı müəyyənləşdiriblər - 3:3.

Bu nəticənin ardından bakılıların xalları 39-a “sarı göylərin” xalları isə 31-ə çatıb.

Qeyd edək ki, turun son matçında “Sabah” evdə “Qarabağ”la üz-üzə gələcək.

10:01

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Bakunews.media xəbər verir ki, son oyun günü iki görüş keçiriləcək.

Saat 16:30-da start götürəcək matçda “Səbail” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma “ASCO Arena” baş tutacaq.

Günün digər oyununda isə “Sabah” və “Qarabağ” klubları qarşılaşacaqlar. Start fiti 19:00-da çalınacaq görüş “Bank Respublika Arena”da oynanılacaq.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” və “Zirə” klubları bərabərə qalıblar - 0:0. Digər qarşılaşmalarda isə “Turan Tovuz” “Qəbələ”yə 2:1, “Neftçi” isə “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib.

0.4333860874176