İş adamını sifarişlə öldürən şəxslərdən xəbər var

2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Ruslan Arif oğlu Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 16-na təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətlin təşkilatçısı Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ağdaşda “Taxta-şalban Məhəmməd” kimi tanınan iş adamı Məhəmməd Əliyev 2018-ci ildə Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovla iş anlaşması əldə edib. Razılaşmaya görə, Rauf Hüseynov Məhəmməd Əliyevdən 45 700 000 rubl alıb. Bu pulun qarşılığında Rauf Məhəmməd Əliyevə 18 000 kubmetr taxta materiallarını göndərməli olsa da, sadəcə, 14 459 320 rubl dəyərində mal göndərib. Müqavilənin bitməsinə baxmayaraq, Rauf Hüseynov malın qalananı göndərməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.

Məhəmməd Əliyev ofisində telefonla Rauf Hüseynovla mübahisə edən zaman bunu Varis Səmədov eşidib. O bu işi öz üzərinə götürərək məsələni həll edəcəyini bildirib.

Bundan öncə isə, Məhəmməd Əliyev Rauf Hüseynovun rəhbəri olduğu şirkətin əsl sahibi, onun keçmiş həyat yoldaşı İnci Abbasova ilə görüşüb. İş adamının ofisində görüş zamanı İ.Abbasova əri ilə danışacağını, borcun qaytarılması üçün köməklik edəcəyini bildirib. Lakin qısa müddət sonra Rauf Hüseynovun pulu qaytarmaq barədə düşünmədiyini bildirib. Bu zaman İnci Abbasova Məhəmməd Əliyevə keçmiş həyat yoldaşı Rauf Hüseynov və qardaşı Ruslan Hüseynovla birgə intim münasibətdə olarkən lentə aldığı video və fotoları təqdim edib.

Bundan sonra, Varis Səmədov Rauf Hüseynovu intim görüntülərlə şantaj edib və pulu qaytarmayacağı halda video və fotoları həm Ağdaşda, həm də Rusiyada yayacağını, qohumlarına göstərəciyini bildirib. Lakin Varis Səmədov bu üsulla məqsədinə nail ola bilmədiyini görüb, hədə-qorxu ilə tələb etməklə bağlı cinayət əməlini davam etdirərək, 2018-ci ilin noyabr ayında Ağdaş rayonu ərazisində istintaqla müəyyən edilməyən gündə və məkanda qohumu, əvvəllər dəfələrlə məhkum olunmuş, 2019-cu ildə isə vəfat edən Rufan Səmədovla görüşüb. O, görüş zamanı istintaqa məlum olmayan məbləğdə pul verəcəyini Rauf Hüseynovda qorxu yaratmaq məqsədilə qardaşı Ruslan Hüseynovun öldürülməsini Rufan Səmədova sifariş verib.

R.Səmədov 2019-cu ildə Ağdaş rayonu, Qumlax kəndi yaxınlığında İntiqam Hüseynzadə ilə görüşüb və onu cinayətin törədilməsinə cəlb edib. O, eyni zamanda, qohumluq əlaqəsində olduğu Məhəmməd Lətifovla da əlaqə yaradıb və qətlin vaxtı, yeri barədə müzakirə aparıblar. Bundan sonra İntiqamla Məhəmməd Rusiyaya yollanıb. Onlar qətldə istifadə olunan tapançanı da Moskvadan alıblar.

Cinayət əməlinin davamı olaraq, əldə edilən avtomobillə Arxangelsk vilayətinin Nyandoma və Karqopol rayonlarında Ruslan Hüseynovun hərəkət qrafikini və gedib-gəldiyi yerləri dəqiqləşdirməyə başlayıblar. Bundan sonra, Şahin Qasımzadəyə zəng edərək cinayətin icraçısının tapılması üçün kömək istəyiblər. Şahin isə öz növbəsində Belarusun Qomel şəhərində yaşayan, kriminal qruplaşmaların üzvü kimi tanınan Ruslan Tarasovla əlaqəyə çıxıb. Ruslan Tarasova qətlin sifarişi üçün 15 min dollar vəd edilib.

Tarasov isə Hüseynovun hərəkət etdiyi avtomobil yolunda qalıb mövqe tutmağa başlayıb. Daha sonra adaşının gəldiyini görərək, ona yaxınlaşıb və üç dəfə ardıcıl atəş açmaqla onu qətlə yetirib.

Bundan sonra, Ruslan Tarasov Rusiya hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb və o, sifarişlə yerinə yetirdiyi qətlə görə ona vəd edilən pulu ala bilməyib. Onunla yanaşı, İntiqam Hüseynzadə də Rusiyada həbsdədir.

Qeyd edək ki, məhkəmə istintaqı zamanı Ruslan Hüseynovun qardaşı Rauf Hüseynov ifadəsində ilkin olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirib və əlavə olaraq hazırda psixoloji vəziyyəti ilə bağlı müalicə aldığından, baş vermiş hadisələri xatırlamadığını qeyd edib.

0.05509614944458