Azərbaycan millisinin baş məşqçisi: “İnsanlar olimpiadaya vəsiqə qazana biləcəyimizi düşünmürdülər”

“İnsanların çoxu bizim bunu edə biləcəyimizi düşünmürdülər”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Ratomir Deliç komandanın Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanması barədə danışarkən deyib.

Mütəxəssis Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirindəki inamlı çıxışa görə oyunçulara təşəkkür edib:

“Qızlar məni çox qürurlandırdılar. Matçlarda sonadək mübarizə apardılar. Həqiqətən də olimpiadaya lisenziya əldə etməyə layiqik. Hamıya bu qalibiyyəti çox istədiyimizi göstərdik”.

Baş məşqçi komandaya əvvəldən inandığını sözlərinə əlavə edib:

“Qızlarımız böyük nailiyyətlər əldə edə biləcəyimizi göstərdilər. Şadam ki, Azərbaycan üçün ilk dəfə bunu bacardıq və artıq ölkənin idman tarixinin bir hissəsiyik”.

Qeyd edək ki, millimiz turnirin finalında Polşaya 18:17 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.

0.5704460144043