Fuad Əliyev: Üçtərəfli sazişdə Zəngəzur dəhlizinin açılması məsələsi qaldı
“Artıq Azərbaycan ərazisində başqa ölkənin əsgəri yoxdur. 10 noyabr Bəyannaməsinə əsasən sərhədlərin müəyyənləşməsi də öz həllini tapacaq. Artıq Azərbaycan Cənubi Qafqazın güc mərkəzidir. Ermənistan və havadarları bunu dərk etməlidir. Ermənistan yaxın qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırsa birinci növbədə özünə xeyir vermis olacaq”.
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Fuad Əliyev 4 qeyri-anklav kəndin bir güllə atılmadan Azərbaycana qaytarılması ilə bağlı açıqlamasında bildirib.
Fuad Əliyev qeyd edib ki, 10 noyabr üçtərəfli bəyannaməsi imzalandan sonra orada göstərilən bütün bəndlərin mərhələli şəkildə həyata keçiriləcəyinə əmin olduğunu və bunu bütün çıxışlarında qeyd etdiyini bildirib. Onun sözlərinə görə, bu gün də yersiz səs-küy yaratmağa çalışan kiçik radikal qruplar qələbəmizi aşağılamağa çalışır, ermənilərin Laçından, Kəlbəcərdən çıxmayacağını deyib, ictimaiyyəti çaşdırır:
“Həmin radikal qruplar rus ordusunun bölgəmizə gətirilməsini ölkə rəhbərinin yanlış siyasəti kimi təbliğ edir, vəziyyəti qarışdırmağa çalışırdılar. Müharibə və sonrakı proseslərdə daim ölkəmizə qarşı çıxış edən bu qruplar Xankəndinin, Laçının, Xocalının Rusiyanın nəzarətində qalacağını iddia edir, yersiz hesabatlar tələb edirdilər. Əli Kərimli və onun kimilər bu gün də eyni xəttlə davam edir. Faktlar ölkə rəhbərinin qarşıya qoyulan bütün məsələləri mərhələli şəkildə həyata keçirdiyini sübut edir. Eləcə də anklav olmayan 4 kəndin qaytarılması da özünün həllini tapdı”.
Fuad Əliyev bildirib ki, üçtərəfli sazişdə yer alan 9 bəndin içərisində Zəngəzur dəhlizinin açılması məsələsi qalıb. Ekspert bir məqama diqqət çəkib. Qeyd edib ki, artıq Azərbaycan Zəngzur dəhlizinin üzərinə israrla getmir. Çünki artıq Rusiya, Azərbaycan, İranın iştirakı ilə yeni bir xətt var:
“İran öz ərazisindən Zəngəzur dəhlizinə paralel olaraq Naxçıvana yol verir. Amma Zəngəzur dəhlizi də yaxın vaxtlarda açılacaq. Fransa, ABŞ kimi dövlətlər buna görə çox canfəşanlıq göstərib ermənilərə açıq dəstək verib, regionda sabitliyi yenidən pozmağa cəhd eləslər də, heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan dövləti öz tərəfdaşları olan Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya ilə birlikdə bu həmlələrin qarşısını alacaq. Regionda maraqlı olan ölkələr yeni qarşıdurmanın baş verməsinə imkan verməyəcək. Artıq Almaniya da Azərbayacana qarşı əks münasibətini dəyişir. Başa düşür ki, Azərbaycan regionun güc dövlətidir”.
Bütün bunlara baxmayaraq ekspert Azərbaycanın təzyiqlərdən çəkinmədiyini, öz gücünü 44 günlük savaşda və antiterror tədbirlərində yetərincə göstərdiyini deyib:
“Düşünmürəm ki, əsgər tapıb orduya apara bilməyən Ermənistan yenidən Azərbaycana qarşı başını qaldırsın”.