Üç manat siqaret puluna görə əmisini öldürdü

Balakən rayonunda xüsusi amansızlıqla qətl törətməkdə və oğurluqda təqsirləndirilən Əhməd Zalxayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə araşdırılır.

Məhkəmənin növbəti prosesi aprelin 26-na təyin edilib.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhməd Zalxayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023-cü il avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Şahin Əhməd oğlu Zalxayevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şahin Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Əhməd Məhəmməd oğlu Zalxayev saxlanılıb.

İttihamda göstərilib ki, o, hadisədən sonra əmisinin cibindən ümumilikdə 200 manat məbləğində pulu qanunsuz olaraq götürüb.

Məhkəmə istintaqı zamanı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində deyib ki, əmisi Şahin Zalxayevin ayağında problem olsa da, əsanın köməyi ilə ayağa qalxa və hərəkət edə bilirdi. Hadisə baş verən tarixdə siqaret almaq məqsədilə əmisindən üç manat pul istəyib. Əmisi isə nə üçün ona pul verməsinin səbəbini soruşub və ona normal adam olmadığını deyib. Bu zaman Əhməd Şahin Zalxayevdən normal şəkildə danışmasını tələb edib. Təqsirləndirilən şəxsin dediyinə görə, əmisi onun anasının ünvanına nalayiq ifadə işlədib. Sonra o, əsəbiləşib çölə çıxıb və oradan götürdüyü bıçaqla çarpayıda uzanmış vəziyyətdə olan əmisinə iki zərbə vurub. Həmin vaxt Şahin Zalxayev ona əli ilə müqavimət göstərməyə çalışıb. Daha sonra Əhməd əmisini yerə yıxıb yenidən bıçaq zərbələri endirib. Nəticədə əmisinə ümumilikdə səkkiz bıçaq zərbəsi vurub. 

Əhməd Zalxayev ifadəsinin davamında qeyd edib ki, həmin vaxt əmisini öldürmək niyyəti olmayıb, hadisədən bilavasitə əvvəl Şahin Zalxayev dediyi sözlərə əsəbiləşdiyi üçün özünü idarə edə bilməyib və bıçaqla sonuncuya zərbələr vurub. Bu zaman əmisi zərbələr vurmamasını ona desə də, o buna məhəl qoymayaraq əmisinə bıçaqla zərbələr endirməyə davam edib. Baş vermiş hadisədən sonra isə əmisinin cibindən 200 manat pulu götürüb.

0.056698083877563