Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi
Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə ötən ilin 5 sentyabr tarixində Ziya Bünyadov prospektində yerləşən binalardan birinin dəhlizində baş verib. Yaxınlıqdakı kollecə sənəd gətirən Riad yol kənarı ilə gedən 2012-ci il təvəllüdlü qızı görüb. O, aptekdən çıxaraq binaya daxil olan qızı təqib edib və pilləkəndə hücum edərək azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib. 5-ci sinif şagirdi olan qızın qışqırmasından sonra o qaçaraq uzaqlaşıb. Həyəcanlı şəkildə evə gedən qız anasına məlumat verib və daha sonra polisə müraciət edilib.
Hadisədən bir gün sonra polislər Riadı işlədiyi şirkətdə yaxalayıblar və onun barəsində cinayət işi başlanılıb.
Nərimanov Rayon Məhkəməsi R.Ağayevi Cinayət Məcəlləsinin 153.2-ci maddəsi üzrə təqsirli bilib və o, iki il həbs cəzası alıb.