İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
“Mən oynamağa icazə verilməyəndə problem yaradan adam deyiləm. Məsuliyyət daşıyıram və səhvlərimi düzəldirəm”.
Bu sözləri İsveçin “Yurqorden” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Musa Qurbanlı oyunlarda meydana çıxmamasının səbəbi və haqqında yayılan son xəbərlərlə bağlı yerli mətbuata açıqlamasında deyib.
“Futbolda bəzən belə hallar yaranır. Hər kəs bunu yaşaya bilər. Mən həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Mən çox işləyirəm. Burada heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla və komandadakı bir çox insanla fantastik münasibətim var. Bu komandaya böyük hörmətim var. Bu, yaxşı tarixə və mədəniyyətə malik böyük klubdur. Azarkeşlər isə heyrətamizdirlər”, - deyə o bildirib.
“Hər kəs mənim kim olduğumu bilir və ən əsası, mən özüm kim olduğumu bilirəm. Bilirəm ki, heç kim deyə bilməz ki, məşqdə kifayət qədər çalışmamışam və ya 100 faiz özümü işə verməmişəm.
Bildirmək istəyirəm ki, mən heç vaxt heç kimə hörmətsizlik etməmişəm. Oyun vaxtıma gəlincə, bilirəm ki, futbolda belə olur. Bəzən məşqçilər qərar verə bilərlər ki, sən oynaya bilməzsən. Hər şey yaxşıdır. Mən həmişə qərarlara hörmətlə yanaşacağam və vəziyyətə görə məsuliyyəti üzərimə götürəcəyəm. Mən oynamağa icazə verilməyəndə problem yaradan adam deyiləm. Məsuliyyət daşıyıram və səhvlərimi düzəldirəm. Mən heç kimi günahlandırmıram və heç nədən şikayətlənmirəm. Bəhanə axtarmıram.
Qış fasiləsindən qayıtdıqdan sonra mənə çox oynamağa icazə verilmədi, amma bu barədə heç nə demədim. Heç məşqçilərdən niyə oynamadığımı da soruşmadım. Çünki onların verdiyi qərarlara hörmətlə yanaşıram. Sadəcə öz yerim üçün mübarizə aparıram və çox çalışıram.
Oynamağa icazə verilmədikdə nə edə bilərsən? Yalnız daha çox məşq edə və hər kəsə hörmətlə yanaşa bilərsən. Mən də bunu etdim. Səhv heç bir şey etməmişəm”, - deyə Musa Qurbanlı qeyd edib.
“Əsas olan hörmətdir. Hətta futboldan kənarda belə. Əlimdən gələni edirəm. Bizə işimizə, hər gün məşqə gəlib 100 faiz özümüzü işimizə verdiyimizə görə maaş verirlər. Bu bizim işimizdir. Biz bunu etməliyik”, - deyə futbolçu vurğulayıb.
Yerli KİV-dən birində çıxan xəbərə görə, Musa Qurbanlı “Instagram”da “Yurqorden”in səhifəsini izləməyi dayandırıb, profil şəklini dəyişib və özünün “Yurqorden”in oyunçusu kimi təsvirini silib.
Ancaq hazırda o, klubu izləyir və profilində klubu təmsil etdiyi ilə bağlı məlumat var.
“Klubu və azarkeşlərimizi çox sevirəm. Nə olursa olsun, həmişə bizi dəstəkləyirlər. Bütün oyunçuları dəstəkləyirlər”, - deyə o bildirib.
Musa Qurbanlı, həmçinin son bir neçə gündə yerli mətbuatda yer alan “Yurqorden”i tərk edəcəyi və bunun yayda baş tutacağı ilə bağlı xəbərlərə də şərh verib.
“Düzünü desəm, bu barədə heç nə bilmirəm. Transfer pəncərəsi bağlıdır, ona görə də heç nə edə bilmirik. Görək, bu yay nə baş verəcək. Mən hələ gəncəm və qarşıda uzun karyeram var”, - deyə o əlavə edib.
Mənbə: Fotbollskanalen.se