Ağ Evdə İranla bağlı gizli toplantı keçirilib

Ağ Ev ötən ilin sonunda ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana qarşı müttəfiqliyinin müzakirə olunduğu toplantıya ev sahibliyi edib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə ABŞ-ın “Axios” saytı israilli və amerikalı səlahiyyətlilərə istinadən xəbər yayıb.

Məlumata görə, Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner bu görüşün keçirilməsində xüsusi rol oynayıb.

Toplantıda ABŞ-ı prezidentin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn, köməkçisi Viktoria Koatez və ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayn Huk, İsraili Binyamin Netanyahunun Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Meir Ben Şabbat, BƏƏ-ni isə ölkənin Vaşinqtondakı səfiri Yusif əl-Otaiban təmsil edib.

Dekabrın 17-də baş tutan toplantı İsrail və BƏƏ arasındakı əlaqələri gücləndirmək məqsədi daşıyıb, bu iki dövlətin bir-birinə hücum etməməsi barədə də müzakirələr aparılıb.

0.34275197982788