Masaj salonu, ya hotel? - FOTO

Kubra Məhərrəmova yazır...

Azərbaycanda iki maraqlı məkan var ki, adı başqadır, təyinatı isə başqa. 

Biri masaj salonu, o birisi hotel. İndi bunlara üçüncüsü də qoşulub. İkisi haqqında düşünürəm ki, cəmiyyətin xeyli məlumatı var. Qaldı üçüncüsü. 

Onu da haradan bildim? 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib ki, Azərbaycanda hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur. Buna görə də nəzarət tədbirləri gücləndirilməlidir.

Daha sonra da qeyd edib ki, insan alveri qurbanları arasında kişilərin sayının artması narahatedicidir. 

Bu hissə ümumən anlaşılan deyil. Kişilər insan alverinin qurbanlarıdır deyəndə nə nəzərdə tutulur? Kişilər intim xidmətləri pul qarşılığında həyata keçirirlər? 

Gəlin, insan alveri deyəndə qanunda nəzərdə tutulan məsələyə diqqət yetirək. 

İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. 

Bizim ağlımıza gələn ilk məsələ isə sadalanan vasitələrlə insanları, xüsusən də qadınları seksual istismara məruz qoymaqdır. 
Elə bu istismarın həyata keçirilməsi üçün də iki populyar məkan seçilib ki, oranın adını çəkəndə adama top atırlar. 

Masaj salonunu yenə başa düşdük, heç kim ailəsi ilə masaj salonuna getmir. Amma hotellərə ailəsi ilə istirahətə gedənlər var. 

Elə komediya da bundan sonra başlayır. Ər-arvad, yanlarında da iki uşaq qeydiyyatdan keçərkən, hotelin əməkdaşı dirənir ki, dünya dağılsa da, mən inanmıram ki, siz ailəsiniz. Gedin zaqs kağızını, molla kəbinini, uşaqların doğuş haqqında şəhadətnaməsini, evin çıxarışı, avtomobilin texniki pasportunu gətirin. Əks halda hotelə giriş qadağandır. Biz sizin düşündüyünüz qara-qura otellərdən deyilik. Bura ailəvi məkandır. 

Qaragün ata da, kor-peşman təzədən qayıdır zaqs kağızı ardınca, arvad-uşaqda da qalır hotelin foyesində. 

Elə bu dəmdə görürsən ki, bir gözəl-göyçək qız yaxınlaşır qeydiyyata, yanında da “nişanlısı”. Rahat və sakit nömrəni alıb qalxırlar yuxarı. 

Qeydiyyatda bayaq başqa müştəridən evin çıxarışını istəyən işçi də, ikiqat reverans edir “nişanlı” oğlana. Gülümsəyib, xoş istirahətlər diləyir. 

Görünür hotel işçisi şəxsən bu cütlüyün nişan mərasimində iştirak edib ki, belə əminliklə onlardan kağız-kuğuz tələb etmir. Bilir ki, nə də olsa “ailəli”dir. 

Nə insan alveri, nə də “əxlaqsızlıq yuvası” bu hoteldə ola bilməz. Tərtəmiz ailə məkanı, ailəvi restoran və s. 

Qayıdaq yeni peyda olan “əxlaqsızlıq yuvası”na - Tahir Kərimli demişkən hostellərə. 

Müəllimin çıxışından daha bir frazanı diqqətinizə çatdırıram: “Ümumilikdə insan alveri qurbanları ilə bağlı ciddi mübarizə aparmaq lazımdır. Bəzən elektron sistemin inkişafının öhdəsindən gələ bilmirik. 

Ölkədə son zamanlar hostel sistemi inkişaf etdiyindən bir az bu sahədə nəzarətsiz hallar müşahidə edilir. Ona görə diqqəti bura yönəltmək lazımdır. Hesab edirəm ki, bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Nəzarət tədbirləri daha da gücləndirilməlidir”. 

Əslində əla çağırışdır, gözəldir, məqsədəuyğundur. 

Amma və lakin burada bir məsələ var. Necə olur ki, bəziləri hotelə “nişanlısı” ilə gedib nömrə götürə bilir, amma ikiuşaqla ana-ata evin çıxarışını hotel rəhbərliyinə təqdim edəndən sonra nömrə ala bilir? Nəzarət necə işləyir bəs?

Bu qədər masaj salonlarında necə, qeydiyyat və nəzarət sistemi necə həyata keçirilir? 

Bəs sutkalıq kirayə verilən mənzillərə necə, nəzarət varmı? İnsan alveri qurbanlarından söhbət gedirsə, onlar ancaq hostellərdə istismara məruz qalırlar? 

Bəs səhərə kimi səsi dünyanı bürüyən klub və barlar necə, orada da nəzarət varmı? Orada heçmi insan alveri qurbanları yoxdur? 
İndi bilmirəm nə məsələdir, amma bu dəfə deyəsən məsələ hostellərin başında çatlayacaq. İki-üç yesir hostel var, onların da üstünə nəzarət qoyacaqlar. 

Amma məqsəd yüksək mənəvi dəyərdisə, həqiqətən də insan alverinə qarşı mübarizədirsə, qoy mübarizə aparsınlar, təki nəticəsi olsun...

0.063143968582153