Prezident seçkilərində namizəd parlament seçkilərində iştirak edəcək

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

Artıq bir çox şəxs deputatlığa namizədliyini açıqlayıblar. Modern.az 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində namizəd olan Fuad Əliyevin fikirlərini öyrənib.

Fuad Əliyev iyun ayının 10-dan sonra hansı dairədən namizəd olacağının açıqlanacağını vurğulayıb:

"Parlament seçkilərində iştirak etməklə bağlı qərarımız var. 1 ay bundan qabaq bununla bağlı ilk toplantımızı keçrdik. Hazırlıq işlərinə başlamışıq. Müstəqil Həmkarlar Birliyi olaraq, sözsüz ki, seçkidə təşkilat kimi iştirak edə bilməyəcəyik. Buna qanunvericilik icazə vermir. Amma idarə heyətinin, rayon təşkilatlarının üzvləri fərdi şəkildə bu seçkilərdə iştirak edəcəklər. Seçki Qərargahı yaradılıb. Mənim şəxsən hansı dairədən namizədliyimi irəli sürməyimlə bağlı hələki dəqiq qərar yoxdur. Prezident seçkilərində iştirak etmişəm hesab edirəm ki, respublikada mövcud olan istənilən seçki dairəsindən namizədliyimi irəli sürə bilərəm. Seçki Qərargahının gündəmində hələ bu məsələ yoxdur. İyunun 10-dan sonra yəqin ki, iştirak edəcəyimiz dairələr açıqlanacaq. Hansı rayon təşkilatında namizəd olmayacaqsa, ola bilsin ki, mən öz namizədliyimi oradan irəli sürüm".

0.099675893783569