"Belə gedişat Paşinyan üçün yaxşı gələcək vəd etmir"
İrəvan Kremlə açıq demarş edir. Belə ki, Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına səbəb olacaq.
Buna qədər isə Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasını boykot etməklə Moskvaya “əlcək atmışdı”. İndisə Birinci kanalın yayımı bloklanıb. Siyasi ekspert Fuad Əliyev isə hesab edir ki, Ermənistan hakimiyyəti Rusiya əleyhinə addımlarını sürətləndirir və getdikcə gərginliyi artırır. Onun sözlərinə görə, Rusiya telekanallarında Paşinyan tənqid olunur, amma eyni yanaşmanı erməni televiziyalarında da görmək olar. Ekspertin fikrincə, sonuncu qərar münasibətləri daha da kəskinləşdirəcək:
“Əvvəlcə Solovyovun efiri bloklandı, indi isə dövlətin kanalına stop qoyuldu. Bu, Rusiyaya meydan oxumaqdır. Ola bilsin ki, müzakirələr nəticəsində məsələ həllini tapsın, borc ödənilsin, hələ ki rəsmi təqdimatı belədir. Amma belə gedişat Paşinyan üçün yaxşı gələcək vəd etmir. Onun Rusiya ilə düşmənçilik siyasəti hakimiyyətinin davamlı təzyiq altında qalmasına səbəb olur. Rusiya hələ ki dözümlü davranır, amma yekunu gözləyir”.
Fuad Əliyevin sözlərinə görə, iki ölkə arasında informasiya mübadiləsi, bu yöndə əməkdaşlığa dair razılaşmalar mövcuddur:
“Ermənistanın Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi var. İndi İrəvan bəyan edir ki, bu sənəd birtərəfli qaydada ləğv edilə bilər. Amma Ermənistanda da antirus ab-havası gücləndirilib. Yəni Rusiya telekanalları Paşinyan hakimiyyətini boş yerə tənqid etmirlər. Rusiya üçün müttəfiq və dost görünən Ermənistanda əhalidə ruslara qarşı mənfi rəy yaradılıb. Bu da Moskvanın xoşuna gəlmir. Buna qədər də məktəblərdə rus sektorunun bağlanması və digər addımlar atılıb”.