Təbiət hadisəsi ümid yaratdı

Avstraliyada yağan yağışlar yanğının xeyli azalmasına səbəb olub.

“Anadolu Ajansı”nın verdiyi məlumata görə, Avstraliyada yağan aramsız yağışlar nəticəsində yanğının üçdə biri azalıb.

Xəbərdə bildirilir ki, Yeni Cənub Uels (NSW) əyalətində dünəndən başlanan aramsız yağışlar aylarla davam edən 62 yanğından 20-ni söndürüb.

17-si nəzarətsiz olmaqla 42 ərazidə yanğın hələ də davam edir.

Avstraliya Meteorologiya Bürosu həftə ərzində yağışların davam edəcəyini bildirib.

Bu yağışların yanğınsöndürənlərin işini yüngülləşdirməsinə kömək edəcəyinə ümid bəslənilir.

Xatırladaq ki, Yeni Cənub Uels əyalətində sentyabr ayından başlanan meşə yanğınları Quinsland, Viktoriya və Cənubi Avstraliya əyalətlərinə də təsirsiz ötüşməyib.

11 milyon hektardan çox ərazini əhatə edən təbii fəlakət nəticəsində 33 insan, 500 milyon heyvan ölüb, 3000 ev yanaraq kül olub.

 

0.41152191162109