Ölkə regionlarında "KOB FEST" sərgi-satış yarmarkaları keçiriləcək
Mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin satışına dəstək məqsədilə 2024-cü il ərzində ölkə regionlarında sərgi-satış yarmarkaları – "KOB FEST"lər keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək "KOB FEST"in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Sərgi-satış yarmarkaları həmçinin, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin və sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.
Yarmarkalar çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klaslar da təşkil olunacaq.
"KOB FEST"lərdə iştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyəti məlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyi şəhər və rayonlar barədə mediada, Agentliyin saytında və sosial şəbəkələrdəki səhifələrində elanlar veriləcək.
5-7 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında keçiriləcək Milli Yaylaq Festivalı çərçivəsində "KOB FEST" sərgi-satış yarmarkası təşkil olunacaq. Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar iyunun 28-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest – Göygöl" qeyd olunmalıdır).