Bu gün Ümumdünya Dondurma Günüdür

Bu gün Ümumdünya Dondurma Günüdür.

Bu bayram rəsmi status almasa da, dünyanın bir çox yerlərində qeyd olunur.

Dondurmanın yaranma tarixi lap qədim zamanlara gedib çıxsa da, kütləvi satışı ilk dəfə ABŞ-də 10 iyun 1786-cı ildə başlanıb.

Təxminən 3000 il əvvəl Çində buz, qar və meyvə parçaları qarışığından sərinləndirici desertlər hazırlanırdı. Daha sonra süd və buz qarışdırılaraq bir resept ortaya çıxdı. Sonra Qədim İsrail və Yunanıstanda təravətləndirici desertlər hazırlanmağa başlanıldı.

Avropada dondurulmuş südün istifadəsi resepti XIV əsrdə İtaliyada mövcud olub. XVI əsrdən isə bu resept artıq Fransaya gəlib çıxmışdı.

XVIII əsrdən başlayaraq süddən klassik dondurma hazırlanmağa başlanıldı.

Bütün dondurmasevənlərin yaxşı tanıdığı "plombir" adı da məhz Fransada dondurmanın ilk yarandığı yerin adı ilə bağlıdır - Plombiyer-le-Ben.

Eskimo dondurması XX əsrin əvvəllərində amerikalı Kristian Nelson tərəfindən ABŞ-də yaradılıb. Daha sonra isə Avstriya şirniyyatçıları bütün dünyaya şokoladlı dondurmanı tanıdıblar.

Dondurma hələ də dünyanın ən əlçatan, ən sevilən desertlərindən biri olaraq qalır.

Bəs onun hansı ziyanları ola bilər?

Mütəxəssislər hesab edirlər ki, kristallaşan dondurmaları yemək olmaz. Çünki dondurmada müşahidə olunan kristallaşma, onun əridikdən sonra yenidən dondurulduğuna işarədir. Bu cür məhsullar isə çox təhlükəlidir.

Dondurma alarkən son istifadə tarixinə mütləq diqqət yetirilməli, onun maksimum yeni olmasına diqqət edilməlidir. Ərimiş dondurmanı yenidən soyuducuya qoyub dondurmaq olmaz.

Düzgün seçim edilməyəndə dondurmadan zəhərlənmək də mümkündür. Zəhərlənmənin ilkin əlamətləri isə qusma, ishal, ürəkbulanma və qızdırmadır.

Əzizə İsmayılova

0.045552968978882