Azərbaycana yeni sürət qatarları gətiriləcək
"Sərnişindaşımada əsas prioritetlərimizdən biri sərnişinlərə müasir, keyfiyyətli və təhlükəsiz xidmətlərin təqdim olunmasıdır. Əsas amalımız xidmət coğrafiyasının genişləndirilməsi deyil, eyni zamanda xidmət keyfiyyətinin artırılmasıdır".
Bakunews.media xəbər verir ki, bunu bu gün Ucar və Ləkidə sürət qatarının yeni dayanacağının ayrılması ilə bağlı keçirilən mediaturda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bunun üçün həm dünya standartlarına uyğunlaşmaq, həm qatarlarımızın, həm infrastrukturumuzun müasirləşdirilməsi istiqamətində işlər görülür:
"Bu strateji hədəfə uyğun olaraq İsveçrənin "Stadler" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq 10 ədəd sərnişin qatarının alınması hədəflənib. Bu qatarlardan 4-ü artıq bu gündən etibarən sərnişinlərin istifadəsinə verilib. Yerdə qalan 6 qatarımız isə bu ilin sonunadək ölkəyə çatdırılması planlaşdırılır. Nəqliyyatda mobilliyin təmin olunması məqsədilə öz hədəflərini yerinə yetirir. Bu gün istismara verilən qatarlarda da bu prinsiplər tam təmin olunub. Bu qatarlar müasir təhlükəsizlik sistemləri ilə, innovativ həllərlə təchiz olunub. Sərnişindaşımada həyata keçirilən işlərdən biri də rəqəmsallaşmanın aparılmasıdır".
R.Rüstəmov bildirib ki, bu istiqamətdə bir sıra yerinə yetirilən təşəbbüslər var:
"Onlara ödəniş sistemlərinə tam inteqrasiya, mobil tətbiqin istifadəyə verilməsi və digər xidmətlər daxildir ki, bütövlükdə bunlar sərnişindaşımada yeni xidmət standartının həyata keçirilməsinə imkan verəcək".
Almaz Qasımova