Doqquzqat Azərbaycan çempionu yeni mövsümə hazırlaşır: "Elə bilirlər, komanda yaratmaq asandır"

Üç il sonra 90 yaşını qeyd edəcək "Neftçi" klubu 2023/24 mövsümündə çempion ola bilməsə də, bu hədəfini gələn mövsüm reallaşdırmağa çalışacaq. Mütəxəssislərin rəyinə görə, bunun üçün Azərbaycanın ən titullu komandasına şansla yanaşı, iradə və inam gərək olacaq.

"Neftçi"ni kimsə qınayır, tənqid edir. Mən isə fərqli yanaşıram".

Bunu uzun illər "Neftçi" klubunun baş məşqçisi olmuş və komanda ilə Azərbaycanda rekorda imza atmış AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Bakunews.media-a açıqlamasında deyib.

O, keçmiş komandası barədə müsbət fikirdədir:

"Rəhbərlik əlindən gələni etməyə çalışır. Bir çox legioner futbolçular komandaya gətirilirlər, doğru baş məşqçini seçməyə çalışırlar. İnsanlar düşünürlər ki, bir komandanı yaratmaq asan işdir. Xeyr, komanda yaratmaq üçün düzgün addımlar atmaq lazımdır. Filosof Əbu Turxan deyirdi ki, "Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır". Arzulayıram ki, doğru yolu seçsinlər. İradəli və inamlı olsunlar. "Neftçi"ni yenidən əzəmətini qaytarmaqla çempionluq üçün mübarizə aparan komanda kimi görəcəyimizə inanıram".

Komandanın yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov da milli komandanın Qazaxıstanla yoldaşlıq görüşündən sonra "Neftçi" klubunun yeni mövsümdə daha yaxşı nəticə verəcəyinə inandığını bildirib.

"Ağ-qaralar"ın keçmişdəki nəticələrinə nəzər salsaq, bu gözləntilərin əbəs olmadığı şübhə doğurmur. Misal üçün, "Neftçi" klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" doqquz dəfə Azərbaycan Premyer Liqasının, altı dəfə Azərbaycan Kubokunun, iki dəfə Azərbaycan Superkubokunun sahibi olub. Həmçinin, komanda beynəlxalq miqyasda bir dəfə Birlik Kubokunu da qazanıb. Bu, Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olub. 2012-ci ildə "Neftçi" UEFA Avropa Liqasının pley-off mərhələsində Kiprin APOEL klubunu iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası adına yiyələnib.

Klubun avrokuboklarda debütü isə 1995/96 mövsümündə olub. "Ağ-qaralar" 1995-ci il avqustun 10-da Kiprin APOEL klubu ilə Kuboklar Kuboku çərçivəsində səfərdə keçirilən ilk oyunda 0:3 hesabı ilə məğlub olub. Avqustun 24-də keçirilən cavab matçında isə hesab açılmayıb. "Flaqman" avrokuboklarda ilk qələbəsini növbəti mövsümdə qazanıb. 1996-cı il iyulun 17-də Bolqarıstanın "Lokomotiv" klubu ilə UEFA Kuboku çərçivəsində Bakıda baş tutan oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Bakı klubu avrokuboklarda ilk dəfə ikinci mərhələyə 2004/05 mövsümündə yüksəlib. 2004-cü il iyulun 13-də Çempionlar Liqası çərçivəsində səfərdə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubuna 1:2 hesabı ilə məğlub olan komandamız ayın 21-də keçirilən cavab matçında 1:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

"Ağ-qaralar" ilk dəfə ikinci mərhələ səddini 2008-ci ildə aşıblar. "Neftçi" həmin il İntertoto Kubokunda Slovakiyanın "Nitra" (2:0, 1:3) və Belçikanın "Jerminal" (1:1, 1:0) klublarını geridə qoymaqla finalçı olmağı bacarıb.

"Flaqman" avrokuboklarda ən böyük uğuruna 2012/13 mövsümündə nail olub. Komandamız həmin mövsüm Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2012-ci il avqustun 23-də Avroliqanın pley-off mərhələsi çərçivəsində Bakıda Kiprin APOEL klubu ilə heç-heçə (1:1) edən "ağ-qaralar" ayın 31-də səfərdə 3:1 hesabı ilə qalib gələrək tarixi ilkə imza atıblar. "Neftçi" qrup mərhələsində İtaliyanın "İnter" (1:3, 2:2), Serbiyanın "Partizan" (0:0, 1:1) və Rusiyanın "Rubin" (0:1, 0:1) klubları ilə qarşılaşıb.

Ümumilikdə isə "Neftçi" avrokuboklarda 78 oyun keçirib. Bunlardan 26-da qələbə qazanan komandamız 36 dəfə məğlub olub. 20 görüşdə heç-heçə qeydə alınıb.

Anar Həsənov

0.056931972503662