Fuad Əliyev: Bu istiqamətdə müəyyən məsləhətləşmələr aparılır

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı ölkə başçısına müraciət etməsindən sonra Milli Məclisə seçkilərin vaxtından, yəni noyabrdan öncə keçirilməsi xəbəri dəqiqləşib. Artıq bir sıra partiya və təşkilatlar baş tutacaq növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başlayıb.

Fevralda baş tutan növbədənkənar prezident seçkilərində namizəd olmuş, Müstəqil Həmkarlar Birliyinin təsisçisi Fuad Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, parlament seçkilərinə hazırlıq işləri ilə bağlı təşkilat tərəfindən 2 ay öncə seçki qərargahı yaradılıb:

“Bununla bağlı biz 2 ay bundan qabaq seçki qərargahı yaratmışıq. Doğrudur, qanunvericiliyə görə, Müstəqil Həmkarlar Birliyi olaraq seçkilərdə iştirak edə bilmərik. Amma hamımız fərdi şəkildə bu seçkilərdə iştirak edəcəyik. Artıq bir neçə dairədən üzvlərimizin iştirak etmək istəyi var.

Mənim hansı dairədən namizəd olacağıma hələ ki qərar verməmişik. Bundan öncə prezident seçkilərində iştirak etmişəm və istənilən dairədən namizədliyimi irəli sürə bilərəm. Yəqin ki, bu Bakı şəhərindəki hansısa dairədən olacaq.

Seçkilərdə dostlarımız da iştirak edir və üst-üstə düşməmək üçün biz də gözləmə mövqeyində durmuşuq. Bu istiqamətdə müəyyən məsləhətləşmələr aparılır”.

Fuad Əliyev parlamentin vaxtından öncə buraxılması ilə bağlı müraciətə də münasibət bildirib:

“Parlamentin vaxtından öncə buraxılmasını normal qarşılayıram. Bu onsuz da gözlənilən idi. Konstitusiyaya görə, seçkilər noyabrda baş tutmalıydı. Noyabrda bir sıra beynəlxalq tədbirlərin keçiriləcəyini nəzərə alaraq, YAP belə bir təşəbbüs irəli sürdü. Seçkilərin noyabrda və ya vaxtından tez keçirilməsi heç bir şey dəyişmir. Hər halda, təşkilat olaraq prezident seçkilərindən sonra, dərhal parlament və bələdiyyə seçkilərinə hazırlıq işlərinə başlamışıq. Bizim üçün istənilən seçki gözlənilməz deyil. Müstəqil Həmkarlar Təşkilatının üzvləri fərdi şəkildə həm parlament, həm də bələdiyyə seçkilərində iştirak edəcəklər. Keçmiş təcrübələrimiz onu göstərir ki, seçkiyə hər zaman hazır olmaq lazımdır”.

0.11953091621399