Mina qurbanlarının hüquqlarının bərpasına həsr edilmiş ilk hesabat təqdim edildi

BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində "Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası" adlı tədbir keçirilib.

Bakunews.media xəbər verir ki, tədbirdə BMT İnsan Haqları Şurası yaranandan bəri minalar və insan hüquqları mövzusunda ilk dəfə hazırlanan "Minadan azad dünya naminə insan haqlarının gücləndirilməsi: qurbanların hüquqlarının bərpası, dayanıqlı inkişafa və sülhə dəstək" adlı siyasi hesabatın təqdimatı keçirilib.

Hesabatı hazırlayan "Universal Hüquqlar Qrupu" təşkilatının direktoru Mark Laymon tədbir zamanı çıxışında bu sənədin unikal xarakter daşımaqla bərabər, minalardan istifadənin yaşam, sağlamlıq, sərbəst hərəkət, təmiz ekoloji həyat, köçkünlərin evlərinə qayıtması kimi mühüm insan hüquqlarına təsirinin kompleks şəkildə təhlil etdiyini qeyd edib. Sənəddə eləcə də BMT-nin insan haqları ilə bağlı mexanizmlərinin mina qurbanlarının hüquqlarının təmin edilməsi istiqamətində imkanları araşdırılıb.

İnsan haqları üzrə tanınmış ekspertlərin müəllifi olduğu sənəddə BMT İnsan Hüquqları Şurasının indiyədək problemə kifayət qədər diqqət göstərmədiyi qeyd olunaraq, mina əleyhinə fəaliyyətlərdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, o cümlədən post-münaqişə şəraitində dəqiq mina xəritələrinin zərərçəkmiş tərəflərə təhvil verilməsinin vacibliyi, mina qurbanlarına zərərlərin ödənilməsi kimi mühüm məsələlər üzrə konkret təkliflər təqdim edilir.

1.8137168884277