Fransanın Burkina-Fasodan qisas almaq planı

Fransa XXI əsrdə müstəmləkə siyasəti yürüdən dövlətlər sırasında birinciliyini qoruyub saxlayır. Xalqların müstəqillik, azadlıq hərəkatını qan içində boğan, onların hüquqlarını ayaqlar altına atan bu dövlət məlum siyasətini aqressiv şəkildə davam etdirməkdədir. Dənizaşırı ərazilərində 13 ölkəni (Fransadan minlərlə kilometr uzaqda, Sakit, Atlantik və Hind okeanlarında ada-ölkələr) hələ də müstəmləkə əsarətində saxlayır. "Sivil Avropa ölkəsi" olaraq hər kəsə dərs keçməyə çalışan Yelisey sarayı nə müstəmləkə siyasətindən əziyyət çəkən və hüquqları pozulan insanları dinləyir, nə də güzəştə gedir. Amma bir şey var ki, artıq həmin ərazilərdə yaşayanlar əvvəlki qaydada idarə olunmaq istəmirlər. Paris Qabon, Niger, Burkina-Faso kimi keçmiş müstəmləkələrindən qovulub, yeni-yeni ərazilərdə də anti-Fransa hərəkatı pik həddə çatıb. Bütün bunların baş verməsində şübhəsiz ki, indiki Fransa iqtidarının əvəzsiz rolu var. Məhz Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində Beşinci Respublika çətin duruma düşüb.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Burkina-Faso əl çəkir, Makron yox

Özü də Fransa keçmiş müstəmləkələrini sakitcə tərk etmək istəmir. Parisin dəstəyi ilə həmin ərazilərdə dövlət çevrilişləri, qarşıdurmalar yaradılır. Fransanın keçmiş müstəmləkəsi Burkina-Fasoda baş verən son hadisələr də bunu təsdiq edir. Bu ölkədə artıq dövlət çevrilişinə cəhdlər barədə xəbərlər yayılmağa başlayıb.

Burkina-Fasonun keçid dövrü hökuməti dövlət çevrilişi şayiələri fonunda vəziyyəti nəzarətə almağa çalışır. Makron mediası ölkənin lideri İbrahim Traorenin orduda nüfuzunun sürətlə aşağı düşdüyü barədə xəbərlər tirajlayır. Fransanın hər vəchlə yenidən bölgəyə qayıtması ssenarisi də cızılır. Planını reallaşdırmaq üçün isə ölkədəki islamçı qruplaşmalardan istifadə etməyə çalışırlar. Artıq gərginliyin ilkin əlamətləri də var. Mansiladakı hərbi bazaya cihadçıların hücumu yüzlərlə hərbçinin ölümü ilə nəticələnib. Traore isə etirazçı əhval-ruhiyyənin mövcudluğunu təkzib edir.

Analitiklər dövlət çevrilişi söhbətləri fonunda repressiv addımların baş verəcəyini gözləyirlər. Antihökumət çağırışlarının Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi də istisna edilmir. "Oxford Analytica" platformasının ekspertləri xatırladırlar ki, son vaxtlar bir sıra korpusların hərbi qulluqçuları zorakı oğurluq hallarının artması ilə üzləşiblər.

Fransız mediası iş başında

Fransa hökumətinin aparıcı ruporu "Le Monde" iddia edir ki, bölgədə "Əl-Qaidə"nin yerli bölməsi aktivləşib. Belə götürdükdə, tanış ittihamdır. Qərb dövlətləri adətən bu tezisdən onların siyasətinə əks gedən dövlətlərə qarşı istifadə edirlər. Bu səbəbdən də gözləmək olar ki, bu yaxınlarda keçmiş fransız müstəmləkəsində qarşıdurma və gərginlik pik həddə çatacaq. Fransa da bunu gözləyir ki, bölgəyə yenidən daxil olsun.

Gərginlik tək hərbi fazada deyil. Burkina-Faso paytaxtı yaxınlığında da təhlükəli olaylarla bağlı xəbərlər yayılıb. Mansil qətliamından bir gün sonra prezident iqamətgahının yaxınlığında yerləşən Uaqduqu şəhərindəki milli televiziya ofisində partlayış baş verib. Səlahiyyətlilər hadisənin əhəmiyyətini azaltmağa çalışaraq, redaksiya yaxınlığında təsadüfən atılan mərminin partladığını bildiriblər. Lakin fransız mediası partlayışın ordudakı iğtişaşların nəticəsi olduğunu iddia edir. Oxşar hadisə mayın 17-də baş vermişdi. O vaxt prezident iqamətgahındakı təhlükəsizlik xidməti hücumun hədəfinə çevrilmişdi.

Parisin çevriliş ssenarisi

Bütün bunların fonunda sosial şəbəkələrdə Burkina-Fasonun "vətənpərvər" hərbçilərinin adından "səfərbər olun və bu rejimə son qoyun" çağırışı ilə manifest yayılıb. "Le Monde"nin mənbələri iddia edir ki, Traoreyə qarşı olan ordu elitasının üzvləri çevriliş üçün güc toplamaq məqsədilə "gənc qvardiyanın qəzəbindən istifadə etmək" istəyirlər. "Hazırda çevrilişin təşkili ilə bağlı danışıqlar gedir. Lakin tərəflər liderliyi təmin edə bilmirlər", - deyə fransız nəşrinin Burkina-Fasonun təhlükəsizlik xidmətlərindəki həmsöhbətlərindən biri deyib.

Fransız müstəmləkəçiliyinə gedən yol

Qərbi Afrika dövləti olan Burkina-Faso 1984-cü ilə qədər Yuxarı Volta adlandırılıb. Dənizə çıxışı olmayan bu ölkənin adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. 15 milyon əhalisi olan dövlətin fransızlar tərəfindən işğalı XIX əsrin sonlarında başlanıb. 1947-ci ildən 1958-ci ilə kimi fransız Yuxarı Voltası Fransa dənizaşırı ərazisi olub, sonralar isə Fransa Birliyinin tərkibində Yuxarı Volta Muxtar Respublikası kimi təşkil olunub. Fransızların buradakı hakimiyyəti dövrü qanlı olaylara səhnə olub.

Casus qalmaqalı

Burkina-Faso bu yaxınlarda pozuculuq fəaliyyəti ilə məşğul olan üç fransız diplomatı "arzuolunmaz şəxs" elan edib. Qeyd olunub ki, Burkina-Fasoda 2023-cü ilin sentyabrında baş verən çevriliş zamanı hakimiyyətə gələn qüvvələrin təsiri ilə iki ölkə arasında 1961-ci ildə imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə ləğv edilib. Bundan sonra Fransanın səfiri geri çağırılıb. Onun hələ də Uaqaduquya geri qayıtmadığı bildirilir. Dekabrın 1-də Burkina-Faso hökuməti dörd fransız diplomatı casusluq ittihamı ilə həbs edib. Daha sonra diplomatlar ev dustaqlığına buraxılıb. Onların ölkə ilə bağlı məlumatları vaxtaşırı Fransa hökumətinə ötürdüyü qeyd olunub. Daha sonra dekabrda hökumətin qərarı ilə yerli şirkətlərdən birində işləyən iki Fransa vətəndaşı da ölkədən çıxarılıb. Xatırladaq ki, Fransa artıq Mali və Burkina-Fasodakı hərbi missiyalarının fəaliyyətini dayandırıb.

0.076442003250122