İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Maksat Mamıtkanov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və ən xoş arzulara görə minnətdarlığını bildirib, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş edib.

Söhbət zamanı əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi məmnunluqla qeyd olunub.

Son illərdə ikitərəfli münasibətlərimizin böyük dərəcədə inkişaf etdiyini və keyfiyyətcə yeni mərhələyə qalxdığını deyən Azərbaycan Prezidenti dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub, ənənəvi dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndiyini vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı Ağdam rayonunda Qırğızıstanın məktəb tikintisi layihəsini və quruculuq prosesinə göstərdiyi dəstəyi vurğulayaraq buna görə Qırğız Prezidentinə və xalqına bir daha minnətdarlığını bildirib, bunu qardaşlıq əlaqələrimizin nümayişi kimi dəyərləndirib.

Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsi üçün qarşıda böyük planların durduğunu deyib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Azərbaycan və Qırğızıstan rəhbərliyində qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud potensialın reallaşdırılması üçün qarşılıqlı iradənin olduğunu bildirib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələrimizin əməkdaşlığına toxunan Prezident İlham Əliyev bu təşkilatın bir ailə olduğunu qeyd edib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının ilk dəfə Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunulub, bu tədbirdə dövlət başçıları arasında aparılacaq dialoq və müzakirələrin önəmi vurğulanıb.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Maksat Mamıtkanov münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğulayıb, əlaqələrimizin genişləndirilməsi ilə bağlı Qırğızıstan Prezidentinin ona tapşırıqlar verdiyini deyib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu deyən səfir qeyd edib ki, Azərbaycanın Qırğızıstana yatırdığı irihəcmli investisiyalar ölkə iqtisadiyyatının inkişafına böyük kömək göstərir.

Əməkdaşlığımızın möhkəmləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan Maksat Mamıtkanov deyib ki, dövlət başçılarımız arasında olan münasibətlər və onların göstərdiyi səylər əlaqələrimizin uğurlu inkişafının əsasını qoyub.

Qırğızıstan Prezidentinin bu ilin aprelində ölkəmizə dövlət səfərinin əhəmiyyətinə toxunan səfir bu səfərin çox uğurlu olduğunu və yaxşı nəticələr verdiyini vurğulayıb.

O, Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxunub, onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.

Maksat Mamıtkanov Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən beşulduzlu mehmanxananın inşasının ölkəsində kurort sahəsinin inkişafında böyük rol oynayacağını deyib.

Diplomat görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinə və onun xatirəsinə Azərbaycan tərəfindən göstərilən ehtirama görə minnətdarlığını bildirərək, Sadır Japarovun ölkəmizə dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə görkəmli qırğız yazıçısının Bakıda abidəsinin açılışını məmnunluqla xatırlayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Çingiz Aytmatov bütün türk sivilizasiyasının övladıdır və dünyada böyük şöhrətə malikdir.

Görüşdə COP29 çərçivəsində Azərbaycanın və Qırğızıstanın birgə təşəbbüs imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

0.044525146484375