Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı
Bakıda küçədən dörd uşaq tapılıb.
Bakunews.media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, üç gün öncə Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin əməkdaşları bu dörd uşağı tapıb.
K.Ağazadə qeyd edib ki, uşaqlar tibbi müayinə məqsədi ilə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib:
"Sosial Xidmətlər Agentliyi tərəfindən "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər. Uşaqların təxminən 14, 5, 4 yaşları və ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız deyir ki, anası sevgilisi ilə onları parkda qoyub, kirayə ev tapmağa getdiyini deyib. O gedən gedib. Polis əməkdaşları onları tapıb, bölməyə aparıblar.
Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşayıblar. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş, atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar".