AVRO-2024: 1/4 final mərhələsinə yüksələn komandaların yarımfinal şansları
AVRO-2024-ün 1/8 final mərhələsində rəqiblərini məğlub edərək növbəti tura adlayan komandalar bu dəfə yarımfinala yüksəlmək üçün mübarizə aparacaqlar.
Bakunews.media xəbər verir ki, finala gedən yolda mübarizəni 8 komanda davam etdirir. Bunlar İspaniya, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İsveçrə, Niderland və Türkiyə seçmələridir.
Görünən bu siyahıda sadəcə iki sürpriz komanda var. Hansı ki, Avropa çempionatına start verilmədən öncə bir çox ekspert Türkiyə və İsveçrə millilərinin qrup mərhələsini belə adlaya bilməyəcəklərini düşünürdü. Ümumiyyətlə isə, bu Avropa çempionatı sensasiyalarla yadda qaldı desək, yanılmarıq.
Başlayaq İspaniya - Almaniya duelindən.
1/4 final mərhələsinin açılış matçında İspaniya və Almaniya seçmələri üz-üzə gələcəklər. İstər qrup, istərsə də 1/8 final mərhələsində inamlı təsir bağışlayan ispanlar və almanlar bu dəfə rəqib olacaqlar. Bu görüşü AVRO-2024-ün erkən finalı da adlandırmaq mümkündür. Danimarkanı iki cavabsız qolla məğlub edən almanlar, Avropa çempionatına ilk dəfə qatılan Gürcüstanı 4:1 hesabı ilə məğlub edən ispaniyalılar növbəti mərhələyə adlamaq üçün gərgin mübarizə aparmalı olacaqlar. İspaniya və Almaniya indiyədək 17 dəfə görüşüblər. Altı dəfə Almaniya, beş dəfə isə İspaniya qalib gəlib. Görüş Bakı vaxtı ilə iyulun 5-də saat 20:00-da start götürəcək.
2016-cı ildə Avropa çempionatının finalında qarşılaşan Fransa ilə Portuqaliya bu dəfə 1/4 final mərhələsində üz-üzə gələcəklər. Fransa millisi 2016-cı ildəki məğlubiyyətin acısını çıxarmaq üçün bütün fürsətlərdən layiqincə yararlanmağa çalışacaq. Portuqaliyalılar isə sonuncu Avropa çempionatını keçirən Kriştianu Ronaldunu kubokla yola salmaq istəyirlər. Məhz bu səbəbdən görüşün bolqollu olacağını düşünmək olar. Sloveniya ilə görüşdə penalti fürsətini qaçıran Kriştianu Ronaldunun bu qarşılaşmaya necə çıxacağı da əsas sual yaradan məqamlardan biridir. 2016-cı il finalını nəzərə alsaq, bu görüşü də erkən final adlandıra bilərik. Komandalar ümumilikdə 10 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində Fransa millisi, birində isə Portuqaliya seçməsi qalib gəlib. Portuqaliyalıların yeganə qələbəsi isə məhz 2016-cı ildə keçirilən Avropa çempionatının final görüşünə təsadüf edib. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə iyulun 5-də saat 23:00-da səslənəcək.
1/4 final mərhələsinin digər oyunlarına isə iyul ayının 6-da start veriləcək. İlk olaraq İngiltərə İsveçrə ilə qarşılaşacaq. Gözlənilmədən İtaliya millisini məğlub edərək adını 1/4-ə yazdıran isveçrəlilərin İngiltərə ilə görüşdə necə təəssürat bağışlayacağı ən böyük maraq doğuran məqamlardan biridir. İngiltərə millisinin istəksiz çıxışı isə İsveçrə ilə görüşdə də davam edərsə, növbəti mərhələyə adlama şanslarının çox aşağı olduğunu düşünə bilərik. Səbəb isə heyətinin dəyəri 1,2 milyard avro olan İngiltərə seçməsinin Slovakiya ilə görüşdə çətinliklə qələbə qazanmasıdır. Hər halda artıq İngiltərə seçməsi 1/4 final mərhələsindədir və yarımfinala adlamaq uğrunda mübarizə aparmalı olacaq. İsveçrəlilər isə İtaliya ilə görüşdəki əzmkarlığı davam etdirərək etimadı doğrultmağa çalışacaqlar. Komandalar indiyədək 15 dəfə qarşılaşıblar. Bunlardan 11-də ingilislər qalib gəliblər. İsveçrəlilər isə yalnız bir dəfə qələbəyə seviniblər. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədiyi turun son görüşündə isə Niderland Türkiyə seçməsi ilə üz-üzə gələcək. Turnirin sürpriz komandalarından sayılan Türkiyə millisinin çətin sınaqdan necə çıxacağı isə əsas maraq doğuran məqamlardan biridir. Belə ki, Avstriyaya yoldaşlıq görüşündə 6:1 hesabı ilə məğlub olduqdan sonra Avropa çempionatının 1/8 final mərhələsində 2:1 hesabı ilə qalib gələrək ¼ final mərhələsinə vəsiqəni təmin etməsi azarkeşlərin ümidlənməsinə səbəb oldu. Amma Niderlandla görüşdə növbəti mərhələyə adlamaq elə də asan vəzifə sayılmır. Qrup mərhələsində inamlı təsir bağışlayan Rumıniya seçməsini darmadağın edən niderlandlılar Türkiyə ilə görüşə də böyük istək və əzmkarlıqla çıxacaqalar. Rəqiblər indiyədək ümumilikdə 12 dəfə qarşılaşıblar. Bunlardan altısında Niderland, üçündə isə Türkiyə seçmə komandası qalib gəlib. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
5 iyul
¼ final mərhələsi
İspaniya - Almaniya
Saat 20:00, "MHP Arena"
Portuqaliya - Fransa
Saat 23:00, "Volksparkstadion"
6 iyul
İngiltərə - İsveçrə
Saat 20:00, "Merkur Spiel-Arena"
Niderland - Türkiyə
Saat 23:00, "Olympiastadion"