Azər Badamov: "Azərbaycanın ŞƏT-də iştirakı bütün tərəflərə fayda verəcək"
"Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələrin əhalisi üç milyarddan çox olmaqla dünya əhalisinin 40%-ni birləşdirir".
Bu fikirləri Bakunews.media-a millət vəkili Azər Badamov Azərbaycanın ŞƏT, habelə başqa təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrinin perspektivləri barədə şərh verərkən deyib.
Millət vəkili qeyd edib ki, bu təşkilatın böyük iqtisadi potensialı var:
"Azərbaycanın ŞƏT ölkələri ilə 2023-cü ildə doqquz milyard dollardan çox ticarət dövriyyəsi olub. Bu baxımdan Azərbaycanın ŞƏT-lə əməkdaşlığı ölkəmiz üçün əhəmiyyət daşıyır. Azərbaycanın ŞƏT Zirvə toplantısına dəvət olunması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycan ŞƏT Zirvə Toplantısına ikinci dəfə dəvət olunur. Birinci dəfə Səmərqənddə keçirilən Zirvə toplantısına fəxri qonaq qismində dəvət olunmuşdu. İndi isə Azərbaycana ŞƏT-də müşahidəçi statusunun verilməsi məsələsi ətrafında fikirlər müzakirə olunur. Azərbaycanın ərsəyə gətirdiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ŞƏT-ə üzv olan ölkələr üçün yeni imkanlar açır. Çünki, dünyada bu gün ən çox narahat doğuran məsələlərdən biri nəqliyyat dəhlizlərində yaranmış problemlərdir. Azərbaycan ŞƏT-in təşəbbüs göstərdiyi "Bir kəmər, bir yol" və Orta Dəhliz layihələrinə qoşulub, bu dəhlizlərdə daşımaların artırılmasına töhfə verib. Belə ki, Bakı-Tibilisi-Qars dəmir yolunun yük buraxma gücünün beş milyon tona çatdırılması, Zəngəzur dəhlizinin açılışının gündəmdə olması və Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma gücünün 15 milyon tondan 25 milyon tona artırılması ölkəmizin Avropa ilə Asiya arasında iqtisadi bağlantılarının möhkəmlənməsinə töhfə verir. Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan, Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilir. Bu görüşlərdə dövlət başçıları ölkələrarası ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik və digər məsələlər üzrə müzakirələr aparırlar. ŞƏT-lə əməkdaşlığımız hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalar arası təşviqi və digər sahələri əhatə edir. ŞƏT həm də səsimizi dünyaya çatdırmaq üçün vacib bir platformadır. Dövlət başçımız öz çıxışında dünya ictimaiyyətinə vacib mesajlar səsləndirəcək. O cümlədən iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəylik nümayişini özündə əks etdirən COP29 sammitinə hazırlıq çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunması üçün bir imkandır. Beləliklə deyə bilərik Azərbaycanın ŞƏT-də iştirakı bütün tərəflərə qarşılıqlı fayda verəcək".
Könül Cəfərli