Azərbaycanın ŞƏT-ə üzv olması üçün heç bir maneə yoxdur
"Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaqda heç bir çətinlik çəkməyəcək".
Bunu Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov NEWS.ru-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, quruma daxil olmaq proseduru çox vaxt aparmayacaq.
"Bu təşkilata üzv olmaq üçün heç bir maneə görmürəm. Coğrafi yaxınlıq, iştirakçı ölkələrlə inkişaf etmiş siyasi və iqtisadi əlaqələrin olması buna şərait yaradan amillərdir. İnanıram ki, Azərbaycanın ŞƏT-ə daxil olması təbii olacaq".
R.Musabəyovun sözlərinə görə, bu prosesin uzun sürməsi ehtimalı yoxdur.
Millət vəkili qeyd edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dövlətləri ilə münasibətlərin növbəti mərhələsinə keçməyi planlaşdırır. O əlavə edib ki, bu niyyət həm Rusiya, həm də Çin tərəfindən müsbət qarşılanıb.
Deputat növbəti illərdə Azərbaycanın ŞƏT-də iştirak dərəcəsinin mütləq artacağına əminliyini ifadə edib. O vurğulayıb ki, Azərbaycan lideri İlham Əliyevin Astanada keçirilən sammitə fəxri qonaq kimi dəvət olunması yalnız bu faktı vurğulayır.