Bəzi kişilərin dərd-səri: "Sinəni çox böyütmüsən, get üstündən götür"

Kubra Məhərrəmova yazır...

Baxırsan yekə-yekə kişilərdir, hətta aralarında cəmiyyətdə söz sahibi olanlar da var ki, yaşlı-başlı, di gəl ki, oturub qadının-qızın sinəsini-başını müzakirə edirlər ki, filankəs sinəsini kəsdirib implant qoydurdu, çənəsini kəsdirdi, dodağına gel vurdu, oradan yağ çıxartdı bura vurdu.

Baxırsan, baxırsan və adamı dərd alır ki, bizim cəmiyyətin bəzi kişiləri nə vaxt belə "arvad" işləriylə məşğul olmağa başladılar?

Bəzi kişiləri niyə bu məsələ narahat etsin ki? Ümumiyyətlə bir insanın bədəni, bədən və üz quruluşu niyə müzakirə mövzusuna çevrilsin axı? Niyə sənin dərin ağdır? Niyə sinən balacadır? Və ya niyə dodağında gel var?

Belə axmaq sualları bəzi beyinlər niyə istehsal edirlər ki?

Əgər bir qadın estetik əməliyyat edib özünü daha gözəl, daha xoşbəxt edirsə, bunun kimə nə dəxli var? Öz puluyla edir axı.

Əgər ki, bu qəbildən olan əməliyyatlar tibbi sığorta zərfinə düşsəydi, deyərdim ki, hə, vergi ödəyənlərin pulunu göyə verirlər. Qadınların sinə-başını müzakirə edən bəzi kişilər bir dəfə də rüşvət alanlardan bir hesab soruşsalar, yaxşı olmazdımı?

Bəzi tender udanlardan bir sorğu alsalar, maraqlı olmazdımı? Nə bilim, bir yol çəkəndən, bir ev tikəndən.

Təbii ki, bu qəbildən olan ağır mövzulara girmək hər kişinin işi deyil.

Amma qadına təpinmək, onu təhqir etmək ən asan işdir. "Sinənə niyə implant qoymusan?", "Dodağına niyə gel vurmusan?" ən asan suallardır.

Və ən maraqlısı odur ki, dodağına gel vuran, sinəsinə implant qoyduran qadınlar elə bu qəbildən olan kişilərin ən şirin xəyalı, arzusudur. İlahi ədalət də elə buradadır. Tanrının yazısı da. Bu qadınlar o qəbildən olan kişilər tərəfə heç baxmır da, nəinki gel vurdurmuş dodaqlarına toxunmağa imkan versinlər. Bəlkə də elə bu natamamlıq kompleksinə görə bəzi kişilər "yox" cavabı aldıqlarına görə qadın düşmənidirlər. Yəqin ki, belədir. Yoxsa niyə o başda-yaşda olan bəzi kişilər başlayalar qadınların orası-burasını müzakirə etməyə?!

Dünən KİV-də xəbər yayıldı ki, Bakıda "Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən və komaya düşən 29 yaşında qadın vəfat edib. Vəfat edən Aybəniz Almuradovanın iki azyaşlı övladı var imiş. Vəfat edən Aybəniz Almuradovanın yaxınları onun ölümündə həkimləri günahkar bilirlər. Aybəniz Almuradovanın bacısı deyir ki, liposaksiya əməliyyatını edən Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs əvvəl lazeroloq işləyib, sonra kursa gedib, gəlib başlayıb əməliyyat etməyə. Ondan diplom tələb edəndə də, məlum olub ki, heç bir tibbi təhsili yox imiş .

Həmçinin, əməliyyat başlayan zaman narkoz verən Babək Mahmudov da anestezioloq deyilmiş, onun da diplomunda müalicə işi üzrə təhsil alması müəyyən olunub. Bütün bunlar azmış kimi məlum olub ki, klinika da qeyri-qanuni fəaliyyət göstəribmiş. Binəqədi Rayon Prokurorluğundan bildiriblər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi, bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Möhtəşəm hadisədir. Bakıda klinikada gecə-gündüz tappa-tarap estetik əməliyyatlar aparılsın, müvafiq qurumların isə bundan xəbəri olmasın. Qısası, çox maraqlı hadisədir. Yeri gəlmişkən həyatını itirən xəstənin yaxınları deyirlər ki, həmin o həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır. Bu da belə. Hadisəyə hansı tərəfdən baxsaq, faciədir. İndi keçirəm hadisəyə sosial şəbəkələrdə yazılan münasibətə, şərhlərə. Yenə ortalığa bir dəstə "qayda keşikçiləri" düşdü və başladı ki, "əcəb oldu, nəyə lazım idi, iki uşaq anası estetik əməliyyat etsin?", "Nəyə lazım idi? Gözəl olmaq istəyirdi, getdi qara torpağa" və bu qəbildən ürəkbulandırıcı şərhlər.

Bu kütlənin içində bir nəfər yazmadı ki, a bala, necə olur klinika dayanmadan estetik əməliyyat həyata keçirir, amma məlum olur ki, klinikanın əslində qapısına qıfıl vurulmalıdır? Bircə nəfər soruşmur ki, ay camaat, lazer aparatıyla tük yandıran adam necə olur ki, liposaksiya əməliyyatı edir? Niyə müvafiq qurumlar nəzarət etmirlər? Niyə adam hələ də xəstə qəbul edir?

Bir nəfər soruşmur ki, Bakıda nə qədər belə klinika var? Nə qədər belə lazeroloq var ki, bu gün "estetik cərrah" olub? Bir nəfər demir ki, o iki azyaşlı necə olacaq? O klinikanın sahibi niyə məsuliyyət daşımır? Və ya niyə məsuliyyətə cəlb olunmur? Əlbəttə bu suallar çətin və ağır suallardır. Amma bir qadına "dodağının geli çoxdur" demək asandır. "Sinəni çox böyütmüsən, get üstündən götür" demək də. Bəlkə də bunu deyən bəzi kişilər hələ bilmirlər ki, Tanrının çox maraqlı işi var. Qınaq etdiyini yaşamadan, adamı o dünyaya vasil etməz. Hələ bilmək olmaz həmin o bəzi kişilərin övladları nə olacaq, necə olacaq. Bəlkə nəinki estetik əməliyyat, bəlkə elə cinslərini dəyişdilər? Ola bilərmi? Olar.

0.52880907058716