Böyük Britaniya niyə "Dağlıq Qarabağ" terminindən istifadə edir? - AÇIQLAMA

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisinin rəsmi saytında yer alan Azərbaycanın xəritəsində Qarabağın ərazisi qırmızı rənglə boyanıb və həmin ərazi "Dağlıq Qarabağ" kimi qeyd edilib.

Məlumat üçün qeyd edək ki, sözügedən səhifənin məqsədi Britaniya vətəndaşlarının xarici ölkələrə turistik səfəri zamanı onları həmin ərazi ilə bağlı məlumatlandırmaq, səyahət üçün planlanmış ölkənin nə qədər təhlükəli və ya təhlükəsiz olduğu ilə bağlı xəbərdar etməkdir.

Sözügedən məsələ ilə bağlı Bakunews.media-ın əməkdaşı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycanın xəritəsində Qarabağın qırmızı rənglə boyanmasının səbəbi həmin ərazilərin tam olaraq minalardan təmizlənməməsidir:

"Səyahət məsləhətlərimizin müəyyən edilməsində Britaniya vətəndaşlarının təhlükəsizliyi həmişə bizim prioritetimizdir. Uzun illər sürən münaqişəyə görə, Azərbaycanın qərb hissəsi ən çox mina ilə çirklənmiş ərazidir. Böyük Britaniya 2020-ci ildən sonra Azərbaycanda minatəmizləmə işlərinə dəstək verən ilk ölkələrdən biri olub. Bu, bizim regiona və Azərbaycana dəstəyimizi nümayiş etdirir. Britaniyanın maliyyələşdirdiyi layihələr, Britaniya şirkətləri və QHT-ləri həmin regionun təhlükəsiz olması və onun iqtisadi potensialının artmasında fəal iştirak edirlər".

"Dağlıq Qarabağ" terminindən istifadə edilməsi ilə bağlı ikinci sualımıza cavab olaraq isə bildirilib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, o cümlədən 2020 və 2023-cü illərdə bərpa olunan şəhər və rayonlarını tam tanıyır:

"Səfirlik və Böyük Britaniya hökumət rəsmiləri Azərbaycanın qadın və kişi minatəmizləyənlərinin cəsarətli əməyinin köməyi ilə həyata keçirilən bərpa və məskunlaşma işlərini öz gözləri ilə görmək üçün mütəmadi olaraq bu ərazilərə baş çəkirlər".

0.058205842971802