Ceyhun Bayramov: "Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.

Bakunews.media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, regional əməkdaşlıq imkanları müzakirə olunub.

Mövcud regional və beynəlxalq təhlükəsizlik vəziyyətinin fonunda ATƏT çərçivəsində regional məsələlərin beynəlxalq hüquq normaları əsasında həllini tapması istiqamətində mövcud imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Bu istiqamətdə, təşkilatın öz fəaliyyətini günümüzün reallıqlarına uyğun şəkildə qurmasının əhəmiyyəti qeyd olunub. Ölkəmizin ATƏT-lə bir sıra istiqamətlər üzrə ən fəal üzvlərindən olduğu diqqətə çatdırılıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regional vəziyyət, ölkəmizin bərpa, yenidənqurma və sülh gündəliyi, mövcud təhdid və çağırışlardan ətraflı bəhs edib. Ermənistanın mina təhdidinin vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışına, habelə bu istiqamətdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə hədə törətməkdə davam etdiyi bildirilib.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib. Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0.057308912277222