UEFA Çempionlar Liqası: "Qarabağ" "Linkoln" səddini aşa biləcəkmi?
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" Cəbəllüttariq "Linkoln"u ilə qarşılaşacaq.
Bakunews.media xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi "köhlən atlar" Avstriyada keçirilən təlim məşq toplanışını başa vurublar.
Hər mövsüm avrokuboklarda ölkəmizi layiqincə təmsil edən "Qarabağ"ın bu dəfə də etimadı doğruldacağına ümid bəsləsək, yanılmarıq. Təmsilçimiz bu günə kimi "Linkoln" ilə iki dəfə üz-üzə gəlib ki, bu görüşlərin hər biri "Qarabağ"ın qələbəsi ilə başa çatıb (4:0, 2:1). "Köhlən-atlar" ikinci təsnifat mərhələsinin ilk görüşünü səfərdə keçirəcəklər. Bunun təmsilçimiz üçün müsbət, yoxsa mənfi amil olmasını düşünməyə ehtiyac yoxdur. Çünki Qurban Qurbanovun yüksəkperspektivli komanda yaratdığını dəfələrlə görmüşük. Əlbəttə ki, müsbət amillər qədər, mənfilərdən də danışmaq lazımdır.
"Qarabağ" klubunun əsas mənfi tərəfi ötən mövsüm Lunyovla güclənib ümid vəd edən və daha sonra rusiyalı qolkiperin gedişi ilə yenidən zəifləyən qapı xəttidir. Yeni transfer olunan Faban Buntiçin bu qədər qısa müddət ərzində komandaya uyğunlaşması məsələsi isə qulağa inandırıcı gəlmir. Transfer pəncərəsində komandaya yeni futbolçunun qatılacağını düşünsək və gözləsək də, belə olmadı. "Qarabağ" sadəcə keçmiş futbolçularından bəzilərini geri gətirmək və komandanın tərkibində olan güclü xarakterli oyunçularla müqaviləni uzatmaq qərarına gəldi. Hər halda "Linkoln" klubu "Qarabağ"ın adlaya bilməyəcəyi sədlərdən sayılmır.
Bir az da "Linkoln" klubu ilə tanış olaq. Komanda Cəbəllüttariq liqasını 65 xalla lider kimi başa vurub. "Linkoln" klubu ümumilikdə 25 görüş keçirib, bunlardan 21-i qələbə, ikisi məğlubiyyət, ikisi isə heç-heçə ilə başa çatıb. Komandanın birinci təsnifat mərhələsindəki "Hamrun"la görüşünə nəzər yetirsək, elə də çətin rəqib olmadığını düşünə bilərik. Hansı ki, komanda öz meydanında qələbə qazanmaq baxımından yaxşı göstəricilərə sahibdir. Amma rəqib meydanında olduqca gücsüzləşir. Bəlkə də bu da azarkeş amili böyük rol oynadığı üçündür. İlk görüşün Cəbəllütariqdə olması "Qarabağ" üçün 50% təhlükə yaratsa da, təmsilçimiz doğma meydanda rəqibi asanlıqla məğlub edərək növbəti tura asanlıqla keçə bilər. Ən azından "Braqa" kimi güclü rəqibi UEFA Avropa Liqasının 1/16 finalında məğlub edərək 1/8-ə vəsiqəni təmin edən "Qarabağ" bizi buna inandırıb artıq.
Qeyd edək ki, komandaların ilk görüşü iyul ayının 23-də Cəbəllüttariqdə, 30-da isə Azərbaycanda keçiriləcək.
Anar Həsənov