Avropanın sülh, yoxsa müharibə fondu? - "Ermənistana verilən silahlar terrorçuların əlinə keçəcək"
Avropa İttifaqının Avropa Sülh Fondu vasitəsilə İrəvana 10 milyon avro ayırması bir daha göstərdi ki, Ermənistanın militarizasiya siyasəti davam edir. Çünki bu yardım Ermənistan hakimiyyəti və cəmiyyətini revanşist siyasətlərini davam etdirməyə ilhamlandırır. Təbii ki, belə bir şəraitdə Ermənistan Azərbaycanın ünvanına olan ərazi iddialarından imtina etməyəcək. Elə bunun nəticəsidir ki, Ermənistanda keçmiş Qarabağ separatçılarının artıq intensiv fəaliyyəti müşahidə olunmağa başlayıb. Bütün bunlar isə Ermənistan hakimiyyətinin revanşist ideyalardan imtina etmədiyini, Qarabağla bağlı işğalçı iddialardan vaz keçmədiyini və Azərbaycanın ünvanına ərazi iddiaları olan aqressiv konstitusiyasından imtina etmək niyyətində olmadığını göstərir.
Çünki əgər belə olmasaydı, özünü güclə dolandıran Ermənistan Fransadan və Hindistandan ölümcül hücum silahlarını hansı vəsait hesabına alırdı? Əbəs yerə deyil ki, Azərbaycan Müdafiə Nazirliyi də bəyanat yayaraq bütün bu fəaliyyətlərin işğalçı Ermənistanı yeni təxribatlar törətməyə həvəsləndirdiyini və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət etdiyini bildirib və regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəyini vurğulayıb.
Mövzunu Bakunews.media-a şərh edən siyasi şərhçi Oqtay Qasımov hesab edir ki, Avropa Sülh Fondu adlanan, əslində isə müharibə fondu olan bu qurumun Ermənistana 10 milyon avro yardım etməsi Azərbaycanı haqlı olaraq narahat edir:
"Çünki bu bir daha göstərir ki, Azərbaycanın əvvəlcədən bu istiqamətdə bir neçə dəfə etdiyi etirazlar əbəs deyilmiş. Çünki bu yardımların təməli 5 aprel üçtərəfli Brüssel görüşündə qoyulub. Belə ki, ABŞ, Aİ və Ermənistan arasında baş tutan həmin görüşdə bu məsələlər ətraflı müzakirə edilib. Baxmayaraq ki, həm ABŞ, həm də Aİ Azərbaycanı təskin etməyə çalışırdılar ki, guya həmin görüşdə yalnız iqtisadi məsələlər müzakirə olunacaq, amma Azərbaycanın əlində kifayət qədər dəqiq məlumatlar var idi. Rəsmi Bakı o zaman bəyan etmişdi ki, bu cür siyasət Cənubi Qafqazda ayrıca xətlərin böyüməsinə, nəticə olaraq regionda gərginliyin qalmasına səbəb olacaq. Biz mövqeyimizdə nə qədər haqlı olduğumuzun bir daha şahidi olduq".
"Təbii ki, Ermənistan son dövrlər ABŞ və Fransa tərəfindən ciddi şəkildə dəstəklənir. Üstəlik, həm Fransa, həm də Hindistandan tədarük olunan silahlar müdafiə xarakterli yox, hücum xarakterlidir. Azərbaycanla Ermənistan arasında məhz sülh danışıqlarında durğunluğun yaranmasında əsas səbəb də budur. Məhz Birləşmiş Ştatlar və Fransanın təlimatı ilə Nikol Paşinyan Prezident İlham Əliyevlə Böyük Britaniyada keçirilməsi nəzərdə tutulan görüşdən imtina etdi, sülh müqaviləsi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü konstitusiya dəyişikliyi ilə bağlı addım atmaq niyyətində olmadığını göstərdi", - deyə O.Qasımov vurğulayıb.
Müsahibimiz hesab edir ki, Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra ilk dövrlər Qarabağ separatçılarının fəaliyyətinə imkan verilmədiyi halda, son dövrlər biz onların fəallığının artdığını görürük:
"Baxmayaraq ki, separatçı rejim özünü buraxıb, amma Ermənistan bu davranışları ilə göstərir ki, Azərbaycanla sülhdə maraqlı deyil və gərginliyin qalmasında, eləcə də gələcəkdə hər hansı revanş cəhdlərinə əl atmaq niyyəti güdür. Heç təsadüfi deyil ki, ABŞ tərəfindən israrla Qarabağ ermənilərinin gündəmə gətirilməsi də məhz həmin niyyətlərə xidmət edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın mövqeyi bəllidir və Bakının bu cür avantürist siyasətə və təzyiqlərə müqavimət hissi kifayət qədər güclüdür. Azərbaycan ən kritik dönəmlərində belə, ərazi bütövlüyündən imtina etməyibsə, bundan sonra heç etməyəcək və ABŞ də, Avropa da, digərləri də Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək onunla hesablaşmalı olacaqlar. Ermənistan da öz gələcəyini özü müəyyən etməlidir. Əgər revanşist siyasətdən əl çəkməsə, ərazi iddiaları davam etsə, yenə də separatçı rejimlə bağlı manipulyasiyalardan imtina etməsə, təbii ki, bunun da zərərini ən çox Ermənistan çəkəcək".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, böyük dövlətlərin Ermənistanı silahlandırması guya Rusiyaya qarşı yönəlsə də, bu fəaliyyətlər Azərbaycanın əleyhinədir:
"İlk baxışdan, prosesləri belə qələmə verirlər ki, məqsəd Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa təşviq etməkdir. Amma böyük dövlətlər, o cümlədən Avropa İttifaqı (Aİ) anlamalıdır ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayıb, belə bir ərəfədə Ermənistanı silahlandırmaq Azərbaycana qarşı yönəlib və bu, təxribatlara yol açır. Elə bunun nəticəsidir ki, artıq şərti sərhəddə mövqelərimiz intensiv atəşə tutulmağa başlayıb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin də sərt bəyanatı oldu və bildirildi ki, Azərbaycan buna səssiz qalmayacaq".
"Ermənistan ordusunda təxribatçı qrupların olduğu sirr deyil. Baş nazir Nikol Paşinyanın özü də Ermənistanda 5-ci kolonun hələ də fəaliyyətdə olduğunu etiraf edib. Fevral ayında Azərbaycana tərəf atəş açan və hərbçimizi yaralayan erməni elə terrorçu təşkilatın üzvü idi. Aydın məsələdir ki, Ermənistana verilən silahlar həm də həmin terrorçuların əlinə keçəcək. Ermənistanı silahlandıran dövlətlər və təşkilatlar bunu başa düşməlidirlər", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, yaxın və uzaq tarix göstərir ki, məğlub tərəf qalib tərəfin şərtlərini yerinə yetirməlidir:
"Məsələn, Birinci Dünya müharibəsində üç imperiya dağıldı və qaliblərin şərtləri yerinə yetirildi. İkinci Dünya müharibəsində də qalib ölkələr Almaniyanı parçaladılar. Hətta məğlub olan Yaponiyanın konstitusiyasını Amerika Birləşmiş Ştatları özü yazdı. Azərbaycan isə bütün bunlardan fərqli olaraq, qalib olsa da, Ermənistana ağır şərtlər irəli sürmür. Tələbimiz, sadəcə, odur ki, konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlər çıxarılsın, təxribatlara son verilsin və Minsk qrupundan imtina edilsin. Halbuki, bu şərtlər heç də ağır şərtlər deyil. Ermənistan da bu şərtləri qəbul etməsə, sülh sazişinin imzalanması çətinləşəcək. Hətta çərçivə sazişi imzalansa belə, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə gərginlik davam edəcək".
"Üstəlik, məndə şübhə var ki, Ermənistan bu silahları öz büdcəsi hesabına almır. Ermənistanda bu qədər pul haradadır ki, hər ölkədən 500, 600 milyon dollarlıq silah alsın? Sanki bəzi ölkə və təşkilatlar bu ölkəni gizli şəkildə silahlandırmaq yarışına giriblər. Onlar da görünür, Cənubi Qafqazda sülh istəmir, həm də Türkiyə-Azərbaycan hərbi ittifaqından narahatdırlar. Amma bu narahatlıq mənasızdır. Çünki Türkiyə artıq bölgədə yerləşib və Azərbaycanla sınmaz müttəfiqliyi var. Azərbaycana qarşı təxribat Türkiyəyə qarşı təxribat kimi dəyərləndiriləcək və rəsmi Ankara da buna səssiz qalmayacaq", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz isə Bakunews.media-a açıqlamasında Ermənistanın özünü sülh istəyən dövlət kimi aparmadığını bildirib:
"Bunun bariz nümunəsi isə 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan Üçtərəfli Bəyannamədən dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, İrəvanın sülh və sabitlik istiqamətində addımlar atmamasıdır. Ermənistan gah ABŞ ilə təlimlər keçirir, gah Avropa Sülh Fondundan ordusunu gücləndirmək üçün maliyyə yardımı alır, gah Kəlbəcərdə atəşkəsi pozur, gah Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədir, gah Hindistan və Fransadan hücum silahları alır, gah da bunun müqabilində Bakı və Ankaradan müsbət addımlar gözləyir. Deməli, Ermənistanın məqsədi təxribatlarını daha da intensivləşdirmək üçün sadəcə, zaman qazanmaq cəhdidir. Maraqlıdır ki, Ermənistan baş naziri Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən konstitusiyanı dəyişdirmək üçün vaxt istəyir, digər tərəfdən isə bunun əksinə, qeyri-səmimi addımlar atır. Halbuki, bütün bunlar Ermənistan üçün xeyirli heç nə vəd etmir".
"Ona görə də İrəvan hazırda yaranan tarixi fürsəti qaçırmamalıdır. Amma onlar bu fürsəti silahlanaraq, yeni strateji tərəfdaşlarını regiona cəlb edərək, Prezident İlham Əliyevlə görüşdən qaçaraq və təxribatlarını daha da intensivləşdirmək üçün zaman qazanmaq niyyəti güdərək əldən qaçırırlar. Lakin Ermənistan unutmamalıdır ki, bir qonşusu Azərbaycan, bir qonşusu isə Türkiyə olan dövlətin ikiüzlü siyasəti iflasa məhkumdur", - general deyib.
O, sonda əlavə edib ki, Azərbaycan və Türkiyənin səmimi addımları və uzatdıqları əlin bu şəkildə havada qalması Ermənistanın Azərbaycanın səbrindən, Türkiyənin isə xoşməramlı niyyətindən sui-istifadə etməkdir:
"Təbii ki, Ermənistan belə davam edəcəksə, mümkün nəticələrlə də barışmaq məcburiyyətində qalacaq".
Aqil Vəlili