Modeli döyən biznesmendən 220 min manat TƏLƏB EDİLİR

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə təqsirli bilinən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində tanınan Kənan Rəsulov ifadə verib:

"Mən bankdan götürdüyüm kreditlə tikinti işləri aparmağa başladım. Tikinti başlayanda bankın Bakı və Özbəkistan filiallarından əməkdaşlar gəlib baxdılar. Həmin torpaq və əmlakın özü də banka girov qoyuldu. Krediti hər üç aydan bir ödəyirdik. Heç vaxt gecikməmiz olmayıb".

Sonra Ziya Hüseynzadənin vəkili Kənan Rəsulova belə bir sual ünvanlayıb:

"Ziya Hüseynzadə sizinlə bağlı vergi orqanlarına şikayət vermişdi ki, ödənişləri etmirsiniz. Bu barədə nə deyə bilərsiniz?"

"Məndən vergi orqanlarına şikayət etmişdilər, amma dediyiniz xüsusatlarla bağlı hər hansı nöqsan aşkar edilmədi", - deyə K.Rəsulov cavab verib.

Sonra Kənan Rəsulov ifadəsini davam etdirərək bildirib ki, torpağı girov qoyanda bankın nümayəndəsi ilə Salyan rayonunda yerləşən notariusa gediblər:

"Ziya dələduzluq yolu ilə mənə ümumilikdə 221 min manat (130 min ABŞ dolları) ziyan vurub. Qalan 60 min dollar sənədləşmə işlərinə gedib, onu istəmirəm. Mülki iddiamda 190 min dollar göstərmişdim".

Məhkəmədə o da məlum olub ki, Ziya Hüseynzadə 224 min dollar dəyərində xidməti müqaviləni 2022-ci il yanvarın 6-da imzalayıb, altı ay sonra hüquqi xidmət göstərmək barədə müqavilə bağlayıb.

Məhkəmə prosesinin növbəti iclası sentyabrın 18-nə kimi təxirə salınıb.

İttihama görə, "PKF Audit Azerbaijan" və "PKF Audit Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və üçüncü şəxs üçün gəlir əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırıb, dələduzluq edib. Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından iki milyon dollar kredit almağa nail olub. O, həmin işi görməyərək quruma külli miqdarda ziyan vurub.

Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edib Zaur Əliyevlə əlbir olaraq Avropa Yenidənqurma və İnkişaf Bankından 5 milyon 600 min avro kredit alaraq vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçiriblər. Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz, təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtilə başqa bir işlə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni "Muğan Bank"ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər. Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələkeçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıblar. Ziya Hüseynzadə həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqdarda ziyan vurub. İttihamdan daha sonra göstərilib ki, Ziya Hüseynzadə "Muğan Bank"ın Xəzər rayon şöbəsindən iki milyon dolları nağdlaşdıraraq götürüb.

Qeyd edək ki, ötən il model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib.

0.069393873214722