Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsinin yekununda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıq yarandı. Bunun əsas təzahürlərindən biri də Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində yeni addımların atılmasıdır.

2020-ci ildən bəri Ankara ilə İrəvan arasında təmaslar müxtəlif səviyyələrdə davam etdirilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 1-də "Sabah" nəşrinə müsahibəsində Ermənistanla sərhədin açılmasının mümkünlüyündən bəhs edib.

O, eyni zamanda, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etdiyini də xatırladıb.

Türkiyəli nazir bildirib ki, münasibətlərin normallaşacağı təqdirdə Ankara da perspektiv üçün müəyyən ssenari hazırlayacaq: "Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənistanla sərhədi aça bilərik".

Məlum olduğu kimi, Türkiyənin Ermənistanla diplomatik münasibətləri kəsməsinin əsas səbəbi Azərbaycan ərazilərinin işğal edilməsi olub. İşğal faktına son qoyulması ilə münasibətlərin normallaşması üçün zəmin yaranıb.

Ancaq rəsmi Ankaranın bu çərçivədə konkret şərtləri də var: proses İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə paralel getməlidir. Başqa sözlə, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir.

H.Fidan müsahibəsində səsləndirdiyi konkret fikirlərlə bunu bir daha diqqətə çatdırıb. O, Türkiyə ilə Ermənistan arasında sərhədlərin perspektivdə açılmasının əsas şərti kimi Bakı-İrəvan münasibətlərinin normallaşmasını göstərib. Bu, Ermənistan tərəfindən Azərbaycanın əsaslı tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyi anlamına gəlir.

Türkiyə ilə sərhədlərin açılması Ermənistanın böhran vəziyyətində olan iqtisadiyyatı üçün perspektivdə ciddi dividendlər vəd edir. Bu, Ermənistan iqtisadiyyatını xeyli dirçəldə bilər. Beləliklə, Ermənistan həm də siyasi cəhətdən müstəqilləşə, kənar qüvvələrin təsirindən çıxa bilər.

Əgər Ermənistan hakimiyyəti dövlətçiliyin gələcəyi barədə düşünürsə, onda bu məqamları mütləq nəzərə almalı, Azərbaycanla münasibətlərdə destruktiv mövqedən çəkinməlidir.

Hazırda Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün müstəsna əhəmiyyət daşıyır. Çünki rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında məcburi manevr vəziyyətindədir. Faktiki olaraq böyük dövlətlərin siyasi poliqonu durumuna düşən Ermənistanın gələcəkdə hərb meydanına çevrilməsi də istisna deyil. Belə bir şəraitdə Ermənistana yeni "təhlükəsizlik çətiri" lazımdır. Bunun üçün ən ideal ssenari regional əməkdaşlıq mühitinin təmin olunması, o cümlədən, Türkiyə ilə münasibətlərin bərpasıdır. Qeyd olunduğu kimi, bu, həm də Ermənistan iqtisadiyyatı üçün xilas formuludur.

Amma Ermənistan Türkiyə ilə münasibətləri, həqiqətən, normallaşdırmaq istəyirsə, səmimi və ardıcıl addımlar atmalıdır.

Bu günlərdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında baş tutan görüşdə ciddi anlaşma əldə edilib. Belə ki, S.Kılıç və R.Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Vurğulanıb ki, onlar normallaşma prosesini "heç bir ilkin şərt irəli sürülmədən" davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda, xüsusi nümayəndələr əvvəlki görüşlərində əldə olunan razılaşdırılmış məsələləri də təsdiqləyiblər.

Xüsusi nümayəndələr, həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb edilən texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.

Bu isə Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətinin ciddiliyini göstərən vacib nüansdır. Ankara-İrəvan anlaşması müsbət qiymətləndirilsə də, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qalxmadığı şəraitdə bu müsbət gedişatın davamlı olması mümkün deyil.

Əvvəla, ona görə ki, Ermənistan hərbi-siyasi təxribatlarından hələ də əl çəkmir. Bu isə Türkiyənin Azərbaycanla bağlı şərtlərinə uyğun deyil.

İkincisi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bu da perspektivdə yenidən "suların bulanması" və regional təhlükəsizliyə təhdid yaranması üçün ciddi əsasdır.

Üçüncüsü, konstitusiyada həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu da Türkiyənin milli təhlükəsizliyi üçün ciddi məsələdir.

Yəni Ermənistan tək Azərbaycanla yox, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmaq üçün konstitusiya dəyişikliyinə getməlidir.

Dördüncüsü, Ermənistan bir çox hallarda Türkiyənin təhlükəsizlik və milli maraqlarını nəzərə almaq istəməyən ABŞ ilə Avropa İttifaqının (Aİ) "çaldığı havaya oynamağa" davam edir.

Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə indiki halda Ermənistana, sadəcə olaraq, jest edir və əl uzadır. Uzadılan sülh əlini tutmaq isə Ermənistan üçün həyati əhəmiyyətlidir.

H.Fidanın dediyi kimi, gələcəkdə Türkiyə-Ermənistan sərhədinin açılması mümkündür. Hər halda bunu, yəni qarşılıqlı əməkdaşlıq mühitini regionun gələcəyi tələb edir. Amma bu prosesin birtərəfli qaydada irəliləməsinin mümkün olmadığı da nəzərə alınmaldır.

"Report" İnformasiya Agentliyi

0.087084054946899