Haniyənin ölümü razılaşdırılıb? - HƏMAS liderinin qətlində yeni detallar
İranın paytaxtı Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi və İsrailin məsuliyyəti üzərinə götürməməsi hadisə ilə bağlı daha geniş araşdırmaya ehtiyac yaratdı. Elə araşdırma nəticəsində də bir sıra ehtimal və faktlar üzə çıxdı.
Əvvəlcə onu qeyd edək ki, sui-qəsdin İranın hüdudlarından kənarda deyil, məhz paytaxt Tehranda təşkil olunması çoxsaylı cavabsız suallar yaratdı. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bəyanat verərək sükutu İsrail əleyhinə pozdu. Düzdür, SEPAH bununla hadisənin İsrail tərəfindən törədildiyini təkzib etmədi, lakin reallıq da dəyişmədi. İstər MOSSAD olsun, istər əməkdaşlığa cəlb edilən şəxslər olsun, istərsə də "xüsusi casus alətləri" - fərq etmir - hücumun İsrail tərəfindən törədildiyi İranın gətirdiyi arqumentlərə əsasən "təsdiqini tapdı". Bu baxımdan, rəsmi Tehran mütəmadi olaraq İsrailə cavab atəşi ilə hücum edəcəyini bildirir, lakin bu, hələ ki praktikada öz əksini tapmır. Ehtimal ki, İran bununla qisas və ya İsraili məhv etmək yox, sadəcə, mövcudluğunu dünya ictimaiyyətinə çatdırmaq istəyir. İranın proksi qüvvələri və İsraillə həmsərhəd ərəb ölkələri ilə müharibəni davam etdirməsi də bundan qaynaqlanır: müharibə həm davam edir, həm də İrandan kənarda davam edir.
Digər bir ehtimal isə Məsud Pezeşkian amili ilə bağlıdır.
İranın yeni prezidenti milliyyətcə azərbaycanlı, siyasi xətt olaraq isə islahatçıdır. Hadisə də məhz o, prezident seçilib and içdikdən sonra baş verib. İranda islahatçılarla mühafizəkarlar az qala bir-birinə nifrət edəcək dərəcədə barışmaz mövqedədirlər. Əsas üstünlük isə xüsusən də ali rəhbər və SEPAH səviyyəsində mühafizəkarlıq qanadına verilir. Mühafizəkarlar daha çox ənənəvi sosial institutları, yəni əsas ideoloji adət-ənənələri qoruyurlar. İslahatçılar isə xarici deyil, yerli məsələlərlə məşğul olmağı prioritet seçirlər. Onlar hətta düşmən elan edilən dövlətlərə də loyal münasibətin tərəfdarıdırlar. Bu fəlsəfəyə görə, daxili siyasətdə sosial rifahın inkişafı ən vacib elementdir. Çünki xalqın sosial rifahı dövlətin daha da güclənib inkişaf etməsi deməkdir. "Güclü xalq - güclü dövlət" prinsipi isə bütün dünyada söz sahibi olmağa zəmin formalaşdırır. Bu baxımdan, islahatçılar qanadı mühafizəkarlardan daha cəlbedici olduğu üçün münasibətlər heç vaxt birmənalı olmayıb.
Əbəs deyil ki, 1979-cu ildə elan edilən İran İslam Respublikasında 1980-ci illərin sonunda mühafizəkarlar və islahatçılar arasında ilk hakimiyyətdaxili qarşıdurma baş verib. Nəticədə parlament buraxılıb. Yeni seçkidə isə islahatçılar qalib gəliblər. Ölkədaxili və beynəlxalq siyasətdə radikal dini siyasət mülayimləşib. Buradan isə belə bir nəticəyə gəlmək olar ki, mühafizəkar mövqedə dayanan ali rəhbər və SEPAH azərbaycanlı və islahatçı Pezeşkianın prezident seçilməsinə mane olmamaqla həm beynəlxalq ictimaiyyətə İranda millətindən və siyasi mənsubiyyətindən asılı olmayaraq xalqın səsini qazanan hər kəsin hakimiyyətə gələ biləcəyini nümayiş etdirir, həm də məhz onun andiçmə mərasimindən sonra Haniyənin öldürülməsini İsrailin üzərinə atmaqla Təl-Əviv və Vaşinqtona qarşı yumşalma siyasətinin üstündən, demək olar ki, xətt çəkirlər. Pezeşkian Haniyənin öldürülməsini İsrailin böyük səhvi adlandırıb və sui-qəsdin cavabsız qalmayacağını bildirib. Bu isə əbəs deyil. Çünki Yaxın Şərqi öz aralarında bölüşdürməyi sona qədər qarşılarına məqsəd qoyan İran və İsrailin güc balansının pozulması regiona nəzarəti itirmək və kənar oyunçuların müdaxiləsi bahasına başa gələ bilər ki, bu da tərəflərin heç birinə sərf etmir.
Prosesin İsrail-ABŞ razılaşması fonunda baş verə biləcəyi də ehtimallar sırasındadır.
Məsələ burasındadır ki, İsraili himayə etmək Birləşmiş Ştatların dəyişməz siyasi ənənəsi olsa da, prezidentlər bu dəstəyin, sadəcə, dozasının artıb-azalmasına nəzarət edirlər, siyasətin ana xətti qətiyyən dəyişmir. Məsələn, sabiq prezident Donald Trampdan fərqli olaraq, Bayden administrasiyası Qəzzada baş verənlərə görə İsraili dəfələrlə tənqid atəşinə tutub. Bu baxımdan, Baydenin Baş nazir Benyamin Netanyahudan İsrail qoşunlarının Qəzzadan çəkilməsini tələb etməsi istisna deyil. Netanyahu isə bunun zəiflik əlaməti kimi qəbul ediləcəyini ehtimal edə bilər və son zərbəsini endirməklə əməliyyatları dayandırmağı hədəfləyər.
Yəni əməliyyat dayansa da, Netanyahu səhnədən yenə də qalib kimi ayrılır. Belə düşünmək üçünsə ən azından presedentlər mövcuddur. Belə ki, 2004-cü ildə İsrailin baş naziri Ariel Şaron ABŞ prezidenti Corc Buşun təzyiqi ilə ordunu Qəzzadan geri çəkdi. Lakin bu, HƏMAS-ın qurucusu Şeyx Yasin və təşkilatın ondan sonrakı rəhbəri Əbdüləziz Ər-Rantisinin İsrailin həyata keçirdiyi helikopter hücumu nəticəsində öldürülmələrindən sonra baş verdi. Hadisədən cəmi bir gün sonra Şaron hökuməti Qəzzadan geri çəkilmənin anonsunu verdi. Beləliklə, İsrail hakimiyyəti hərbi-siyasi arenadan məğlub kimi yox, qalib şəkildə ayrılır. Bu iki nüans arasındakı bənzərlikdən doğan sualın cavabı isə yəqin ki, özünü çox gözlətməyəcək. Reallıq isə istənilən halda dəyişmir: İsmayıl Haniyənin ölümündə itirən yalnız HƏMAS və Haniyənin özü oldu.
Mərahim Nəsib