Fuad Əliyev: Bu qərəz COP29 haqda mənfi yazı hazırlamaqla bağlı təlimatdan irəli gəlir

Payızda Bakıda keçiriləcək COP29 anti-Azərbaycan qüvvələri fəallaşdırıb. Bu dəfə BBC Azərbaycanın uğuruna kölgə salmaq istəyənlərin ruporu rolundan çıxış edib. Erməni nəşrləri isə bundan sevinərək BBC-nin yalanlarını tirajlayıblar.

BBC beynəlxalq ekoloji konfransı siyasiləşdirərək “zibillərin çeşidlənmədiyi, jurnalistlərin, hüquq müdafiəçilərinin həbsdə olduğu neft və qaz ixrac edən ölkə”nin COP29-a ev sahibliyi etməsinə qarşı mövqe sərgiləyib. Tutarlı arqumentlər tapa bilməyən BBC “Bakının bəzi şadlıq evləri və iri restoranlarının noyabrda toy üçün sifariş qəbulunu dayandırması” haqda dedi-qoduya yer verib. Bəllidir ki, bu iddialar rəsmi olaraq təkzib edilib. Amma BBC bunu nədənsə, “unudub”. 

“Hüquq müdafiəçiləri ölkənin "qeyri-dost iqlim" olduğunu, neft hasil etdiyini və qaz hasilatını üç dəfə artırmağı planlaşdırdığını qeyd edirlər. Bu tədbirin sədri isə əvvəllər 20 il dövlət neft şirkətində rəhbər vəzifələrdə çalışmış şəxs olacaq. Azərbaycanın ekoloji imici çoxları arasında suallar yaradır. Ölkə hələ də məişət tullantılarının toplanması və emalı problemini həll edə bilməyib. Azərbaycan günəşli günlərinin çoxluğu ilə tanınır və Bakı hətta “küləklər şəhəri” də adlanır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin (o cümlədən su elektrik enerjisi) payı ümumi istehsalın cəmi 1%-ni təşkil edib", - deyə iddia olunur. BBC daha sonra Azərbaycanda həbslərdən yazır, konkretləşdirmə etmədən hakimiyyəti suçlayır...

Siyasi şərhçi Fuad Əliyev Qərb mediasında anti-Azərbaycan kampaniyasının başladığını hesab edir: 

“Hazırda Fransa başda olmaqla, onun diktəsi ilə oturub-duran təşkilatlar, media subyektləri bizə qara yaxmağa cəhd edirlər. Əslində Azərbaycan qərəzli və böhtan xarakterli kampaniyaların olacağını gözləməkdədir. Çünki bundan əvvəl "Avroviziya" yarışması, İslam Həmrəyliyi Oyunları, Formula-1  və digər beynəlxalq tədbirlər təşkil olunanda dərhal siyasi kampaniya işə düşür. Ona görə buna hazır idik və təəccüb doğurmadı. Amma təəssüf doğuran hal budur ki, bu xora BBC kimi nüfuzlu media da qoşulub, qeyri-professional, tərəflərin mövqelərini dəqiqləşdirmədən ittiham xarakterli material yayımlayıb".

Hüquq müdafiəçisinin sözlərinə görə, ölkədə ekoloji problemlər də ola bilər, sosial-iqtisadi çətinliklər də, siyasi palitrada da müəyyən fikir ayrılıqları da, lakin heç bir halda bütün bunları COP29 konfransı üzərindən manipulyasiya etmək mümkün deyil: 

“Əvvəla, bu iqlimlə bağlı konfransdır. İkincisi, COP28 Birləşmiş Ərəb Əmirliyində olub, bəyəm orada ekoloji vəziyyət ideal idi? Yaxud Braziliya kimi ölkədə antisanitariya hər kəsə bəllidir, indi növbəti konfrans orada keçirilməsin? Hərçənd adını çəkdiyimiz ölkələrlə müqayisədə Azərbaycanın şəhərləri, paytaxt Bakı son dərəcə təmiz, səliqəlidir. Bunun əksini demək insafsızlıq olardı. Yenə şəhərdə tıxaclardan şikayət etsələr, razılaşmaq olardı, ancaq Bakını zibillənmiş şəhər kimi təqdim etmək haqsızlıqdır. Mənə maraqlıdır, BBC əməkdaşı harada müşahidələr aparıb ki, bu qənaətə gəlib? Sözsüz ki, ortada qərəz var. Və bu qərəz COP29 haqda mənfi yazı hazırlamaqla bağlı təlimatdan irəli gəlir. Ona görə gah siyasi prosesləri, gah ekoloji məsələləri bir-birinə qarışdırıblar”.

Fuad Əliyev COP29 günlərində sərt karantin dövründə olduğu kimi bir rejim tətbiq ediləcəyi haqda deyilənləri isə cəfəngiyyat sayır:

“BBC bu informasiyaları haradan əldə edib? Heç olmasa rəsmi qurumların da fikirlərini öyrənəydi. Axı heç bir rəsmi açıqlama olmayıb ki, restoranlar, yaxud şadlıq sarayları işləməyəcək?! Əksinə, Bakıya bu qədər xarici qonaq gəlir, restoranlar niyə işləməsin, pul qazanmasın? Nə qədər məntiqsizdir. Şəhərdə nəqliyyatın hərəkətində müəyyən dəyişikliklər mümkündür, o da təbiidir, bu qədər insan şəhərə gəlir, istər-istəməz hərəkəti tənzimləmək lazımdır. Yəni hazırda rəsmi məlum olan budur ki, orta məktəblərdə tətil uzadılır, peşə və ali məktəblər isə iki həftəlik distant təhsilə keçir, dövlət orqanlarının işçilərinin 70 faizi onlayn iş rejimində çalışacaq. Burada da qəribə heç nə yoxdur, BBC bunu niyə mənfi təqdim edir? Sadəcə, minlərlə qonağı qarşılayan şəhərdə gündəlik iş rejiminə dəyişiklik olunub”.

/Yeni Müsavat/

0.42859292030334