Xırdalanda sərnişinlərin həyatını təhlükəyə atıb yarışan avtobus sürücüləri cəzalandırıldılar

"Xırdalanda sərnişin avtobusları ilə kobud qayda pozuntusuna yol verən hər iki sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb".

Bunu Bakunews.media-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.

"Kobud qayda pozuntusuna yol verən "ISUZU" markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Kəmaləddin Yavər oğlu Quliyev və "ISUZU" markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişindaşıma fəaliyyəti göstərən Firdovsi Abgül oğlu Rəcəbov sərnişin dolu avtobusla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçdiyi üçün DYP-yə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusi ilə də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edərək onlara hərəkət zamanı qaydalara ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərin də həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırır", - deyə açıqlamada vurğulanır.

Xırdalanda sərnişin avtobusları sürücülərinin kobud qayda pozuntusuna yol vermələri ilə bağlı daşıyıcı şirkətin nümayəndəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib.

Bu məlumat Bakunews.media-ın sorğusuna cavab olaraq AYNA-dan verilib.

Qeyd olunub ki, "Sahil" MMC-nin müvəqqəti istismarında olan 517 nömrəli marşrut avtobusunun və "F. Rövşən" İstehsalat Müəssisəsinin müvəqqəti istismarında olan 515 nömrəli marşrut avtobusunun sürücüləri sərnişindaşıma və təhlükəsizlik qaydalarını kobudcasına pozublar.

"Bununla bağlı hər iki daşıyıcı şirkətin nümayəndəsi AYNA-ya dəvət olunub. Onlara sürücülər barədə ciddi ölçü götürmək tapşırığı verilib. Məsələ ilə bağlı daşıyıcı şirkət tərəfindən müvafiq tədbir görüləcək", - deyə açıqlamada bildirilir.

Xırdalanda sərnişin avtobuslarının sürücüləri kobud qayda pozuntusuna yol veriblər.

Bakunews.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Belə ki, müntəzəm sərnişindaşıma ilə məşğul olan iki avtobusun sürücüləri yarışıblar. Onlar hətta işıqforun qırmızı işığından keçərək, həm özləri, həm sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün həyati təhlükə yaradıblar.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntü ilə bağlı araşdırılma aparılır, nəticə barədə məlumat veriləcək.

Əzizə İsmayılova

0.05165696144104